BAKI, TurkicWorld
Rusiya, Ukrayna ilə danışıqların üçüncü raundu üçün Kiyevdən yeni təklifləri gözlədiyini bildirib.
TurkicWorld xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin davam etdiyini və bu prosesin tamamlanmasından sonra danışıqların üçüncü mərhələsinə keçidin müzakirə ediləcəyini bildirib.
Peskov qeyd edib ki, hazırda üçüncü raundun vaxtı və detalları üçün Ukrayna tərəfindən təkliflər gözlənilir. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə İstanbul danışıqları çərçivəsində daha 1000 Ukrayna əsgərinin cəsədinin geri qaytarıldığını açıqlayıb.
Ukrayna tərəfi də 1000 nəfərin qalıqlarının geri alındığını və şəxsiyyətlərin müəyyənləşdirilməsi prosesinin başladıldığını təsdiqləyib.
Qeyd edək ki, iyunun 2-də İstanbulda keçirilən danışıqlarda tərəflər arasında 6 min Ukrayna əsgərinin qalıqlarının qaytarılması və bəzi kateqoriyalara aid əsirlərin dəyişdirilməsi barədə razılıq əldə olunub. Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə həyata keçirilir.