Azərbaycanda mənzil bazarında qiymət artımı davam edir. 2025-ci ilin yanvar-iyun aylarında mənzil bazarında qiymətlər 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 13.8 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin I yarımilində ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.9 faiz, təkrar mənzil bazarında isə 13.8 faiz artıb.
Qeyd edək ki, 2025-ci ilin II rübündə mənzil bazarında qiymətlər 2025-ci ilin I rübü ilə müqayisədə 1,1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 3,2 faiz, təkrar mənzil bazarı üzrə 1,1 faiz artıb.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, daşınmaz əmlak bazarında qiymət artımı hazırda dünyanın bütün ölkələrində baş verir:
“Bunun əsas səbəbi dünyada mənzilə olan tələbatın yüksək olmasıdır.Azərbaycana gəlincə, Bakı, Sumqayıt və Xırdalan kimi şəhərlərdə alıcı qüvvəsi yüksəkdir və buna görə qiymətlər artır. Tələbat artdıqca yeni binaların tikintisi üçün torpaq sahələri qalmır və paralel olaraq torpaq kəskin bahalaşır. Bu da tikintinin maya dəyərinə təsir göstərir. Qiymət artımına səbəb həm də bölgələrdən insanların paytaxta axın etməsidir. Bu da kirayə mənzillərə tələbatı artırır. Nəticədə, insanlar yığımlarını banka yerləşdirməkdənsə, mənzil alıb kirayə verir və yüksək gəlir əldə edirlər. Başqa tərəfdən yataqxanaların sayının az olması səbəbindən tələbələrin böyük qismi kirayə mənzillərdə yaşayırlar. Bu da tələbata və qiymətlərə təsir göstərən faktorlardandır. Gələcəkdə tələbə yataqxanaları inşa olunarsa, kirayə mənzillərə tələbat azalacaq. Proses əmlakın satış qiymətlərinə təsir göstərəcək. Yəni qiymətlərdə stabilləşmə və azalma baş verəcək”.
E.Fərzəliyev daşınmaz əmlak bazarındakı bahalaşmanın davamlı xarakter daşıdığını qeyd edib:
“Əvvəlki illərdə torpaqların və tikinti materiallarının dəyəri nisbətən ucuz idi. Buna görə tikinti şirkətləri daha çox bina inşa edə bilirdilər. Başqa tərəfdən, 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yarandıqdan sonra tikinti şirkətləri qarşısında tələblər də sərtləşdirildi. Yəni çoxmənzilli binaların tikintisinin normativlərə uyğun aparılması tələb edildi. Nəticədə 2018-ci ilə qədər Bakı şəhərində 1 hektar ərazidə 50-60 min kvadrat tikinti reallaşdırılırdısa, sonrakı mərhələdə maksimum 25-27 min kvadrat tikinti aparıldı. Torpaq sahəsinin alınmasına çəkilən xərclər, vergi öhdəlikləri mənzilləri daha baha etdi. Sadə bir misal göstərim: Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikilən binalarına torpaq dövlət tərəfindən ayrılır. MİDA-nın Yasamal Yaşayış Kompleksində mənzillərin 1 kvadratmetrinin satış qiymətləri ortalama 900 manatdır. Lakin Yasamal rayonu ərazisində digər yenitikili binalarda mənzillərin 1 kvadratmetri 2000-3000 manat arasında dəyişir. Yeni Yasamalda isə qiymətlər 1500-2000 manat təşkil edir. Göründüyü kimi, MİDA-nın satdığı binalarda torpağı dövlət ayırdığına görə qiymətlər digər binalardan hətta 2-3 dəfə daha aşağıdır. Yəni, torpaq sahəsinin alınmasına çəkilən xərclər, vergi öhdəlikləri mənzillərin qiymətinə ciddi şəkildə təsir edir”.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, son illərdə qiymət artımı davamlı hal alıb və 2025-ci ildə də bu tendensiya qorunub:
“Hazırda bazarda nisbətən sabit, lakin davamlı qiymət artımları müşahidə edilir. İlin müəyyən dövrlərində artım daha dinamik olur, bəzi aylarda isə stabilləşmə və 1-2 faiz arası dəyişikliklər qeydə alınır. Müşahidələr göstərir ki, qiymət artımı daha çox aşağı seqmentdə – mənzil, torpaq sahələri və fərdi yaşayış evləri üzrə hiss olunur. Ən çox bahalaşma isə mənzil bazarında müşahidə olunur. Səbəb kimi yaşayış və investisiya məqsədilə mənzillərə artan tələbat göstərilir. Son illərdə xüsusilə kiçik ölçülü və nisbətən əlçatan qiymətli mənzillərə maraq artıb. Əvvəllər böyük mənzillərə üstünlük verilirdisə, indi alıcıların çoxu kompakt və büdcəyə uyğun mənzillərə yönəlir”.
R.Osmanlı əlavə edir ki, qiymət artımı yalnız mənzillərlə məhdudlaşmır. O hesab edir ki, torpaq bazarında da artım müşahidə olunur və bu, fərdi yaşayış evlərinin qiymətinə təsir edir:
"Daşınmaz əmlak bazarında qiymət artımı daha çox Bakıda və paytaxta yaxın turizm potensialı yüksək olan ərazilərdə qeydə alınır. Şamaxı, İsmayıllı, Quba-Xaçmaz kimi bölgələrdə qiymət artımı, məsələn, Daşkəsən, Gədəbəy və Zaqatala ilə müqayisədə daha sürətlidir. Quba-Xaçmaz iqtisadi rayonunda qiymət artımı paytaxtdan daha uzaq olan ərazilərə nisbətən yüksəkdir. Lakin ümumilikdə ən yüksək artım Bakıda müşahidə olunur. Bunun da səbəbləri çoxşaxəlidir. Bakıda yenitikililərin intensivliyi, boş torpaq sahələrinin azlığı, köhnə yaşayış sahələrinin sökülməsi ilə təklifin azalması, tikinti xərclərinin artması, şəhərsalma siyasətinin bazara təsiri, paytaxtda əhali sıxlığının artması və kirayə tələbinin yüksəlməsi kimi amillərlə izah olunur. Söküntü prosesi, bir tərəfdən, təklifin azalmasına, digər tərəfdən, əlində nağd vəsait olan yeni alıcı kütləsinin yaranmasına səbəb olur. Bu da qiymətlərin yüksəlməsinə şərait yaradır”.
Onun sözlərinə görə, Bakıda mənzil bazarında ötən ilin sonundan etibarən ümumi orta qiymətlərdə təxminən 8 faizlik artım müşahidə olunur:
“Son 6 ay ərzində paytaxtın demək olar ki, bütün rayonlarında qiymətlər yüksəlib. Bu artımlar dinamik deyil və əsasən nisbi xarakter daşıyır. Ümumi qiymət artımı baxımından Xətai, Binəqədi və Yasamal rayonları ön sıralarda yer alır. Xətai rayonunda qiymətlərdəki artım 12 faizə yaxınlaşıb. Ən az artım Səbail rayonunda qeydə alınıb və burada mənzil qiymətləri ilin əvvəlindən 4,7 faiz bahalaşıb”.