AZ

Pezeşkian Azərbaycanla dost münasibətin tərəfdarıdır

Yazını böyüt
Yazını kiçilt

Xankəndidə təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşünün geosiyasi əks-sədası səngimir. Uzun illər separatizm yuvası olmuş Xankəndi bu gün Azərbaycanın suveren ərazisi kimi dövlət başçıları səviyyəsində ali qonaqları qarşılayır. Bölgəmiz, hətta beynəlxalq aləm üçün mühüm əhəmiyyətə malik zirvə görüşlərinə ev sahibliyi edir.

Müsahibimiz Milli Məclisin deputatı Aydın Mirzəzadədir:

- Xankəndi Zirvəsini və onun ölkəmiz, region üçün əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Xankəndidə keçirilən sammit Azərbaycanın bir dövlət kimi qüdrətini, gücünü göstərdi. Azərbaycan özünün müstəqil daxili-xarici siyasətini, nəyi qazandığını bir daha  nümayiş etdirdi. Dünya gördü ki, Azərbaycan özünün tarixinə, mədəniyyətinə, dəyərlərinə hörmətlə yanaşır. Eyni zamanda, müasir, uğur gətirən nə varsa, onun ölkəmizə gətirilməsinə çalışırıq.

Azərbaycanın səmimi, mehriban qonşuluğa sadiq bir ölkə kimi fəaliyyəti dost ölkələr tərəfindən də rəğbətlə qarşılanır.  On ölkənin rəhbərləri sammitdə iştirak edib, Azərbaycanla dost olduqlarını nümayiş etdirib, birgə əməkdaşlıq planlarını müzakirə etdilər. Dünya bu gün dostluq, qardaşlıq, ticarət, mədəniyyətlərə hörmət edilməsinin bariz nümunəsini Xankəndi Zirvəsində gördü.  Sammitin Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyəti də ondan ibarətdir ki, qədim yaşayış məntəqəmiz olan bu şəhər uzun müddət erməni işğalçılarının nəzarəti altında oldu. Xankəndi işğaldan azad olunandan sonra, ilyarım ərzində böyük işlər görülüb. Hər gün şəhər yenilənir, regionda yeni yaradılan Qarabağ Universiteti uğurla fəaliyyət göstərir. Qonaqlar şəhərin qısa zamanda necə abadlaşdığını, keçmişi qoruyaraq müasirləşdiyinin şahidi olurlar.

Bundan sonra Azərbaycanda beynəlxalq tədbirlər paytaxtda və ayrı-ayrı regionlarda keçiriləcək və bundan sonra da dostlarımıza qollarımızı geniş açaraq, “Xoş gəldiniz” deyəcəyik. Eyni zamanda, tarixin bizə verdiyi ən böyük şansdan - dövlət müstəqilliyindən həmişə yararlanacağıq.

- Zirvə görüşü çərçivəsində dövlət başçısının sammitə qatılan İslam, türk dövlətlərinin prezidentləri ilə səmimi görüşləri xüsusi diqqətlə izlənildi. Prezidentin iranlı həmkarına “Bura sənin də vətənindir” deməsi, eləcə də Pakistan Prezidentinin Xankəndidə evinin olmasını arzu etməsi Zirvədə qurulan hansı yeni münasibətlərin əsasının qoyulduğunu ifadə edir?

- Diplomatiya səmimiyyəti sevir. Saxta səmimiyyət dərhal sezilir. Həm iştirakçılar, həm media vasitəsilə tədbiri izləyənlər həmin səmimiyyətin şahidi oldular. Bu səmimiyyəti Azərbaycan yaradıb və təşkil etdiyi tədbirdə öz yaxın dostlarını görməkdən məmnun olduğunu ifadə edib. Əlbəttə, Məsud Pezeşkian qonşu dövlətin rəhbəridir. Həmin dövlətin əhalisinin əsas hissəsi azərbaycanlılardır və qonşu dövlətin Azərbaycanla isti münasibətləri ölkəmiz üçün olduqca önəmlidir. Biz qonşularımızla, sözün əsl mənasında, mehriban qonşuluq siyasəti yürüdürük. İranın indiki lideri Azərbaycanla yaxşı münasibətlərdə olmaq istədiyini dəfələrlə bildirib. Onun Azərbaycana rəsmi səfəri, sammitdə iştirakı Azərbaycanla münasibətlərə verdiyi töhfədir. Dövlət başçılarının Ana dilində danışması olduqca səmimidir. Əlbəttə, bura hər bir azərbaycanlının Vətənidir, o cümlədən də Məsud Pezeşkianın...

İranın Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi  dövlətimiz tərəfindən qiymətləndirilir. Eyni zamanda, sammitdə başqa dövlətlərin rəhbərləri tərəfindən də Azərbaycana böyük səmimiyyət gördük.  Pakistanla Azərbaycan əsrlərlə dostluğu olan tarixə malikdir. Hətta böyük Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin vaxtilə Pakistana etdiyi kömək indi də pakistanlıların yaddaşındadır, hörmətlə xatırlanır. Şübhəsiz, Xankəndidə həm Məhəmməd Şahbaz Şərifin, həm Rəcəb Tayyib Ərdoğanın  adına evlər olacaq. Bunun özü bir tarixdir. Həm Pakistan, həm də Türkiyə bilsin, tək Xankəndidə deyil, Azərbaycanda olan hər bir mənzil, eyni zamanda, onların evidir.

- İran-İsrail arasında qısa sürən müharibədə İranın bir sıra ekspertləri televiziyalarda çıxış edib Azərbaycanı İsrailə dəstək verməkdə ittiham edir, hətta Azərbaycanı vurmağı tələb edirdilər. İran Prezidentinin Zirvədə iştirakı o buzları əritdimi?

 - Təəssüf ki, İranda Azərbaycana qarşı ara-sıra düşmənçilik mövqeyi sərgiləyən müəyyən qruplar var. Hətta onlar rəsmi dövlət siyasətinə də təsir edə bilirdilər.  Amma indi onlar arxa planda qalıb. Bu gün öndə Azərbaycanla münasibətlərə önəm verən siyasəti görürük və bunu qiymətləndiririk. İrandakı müəyyən anti-Azərbaycan qruplar 13 günlük İsrail-İran qarşıdurmasında Azərbaycanı da bu oyuna çəkməyə çalışdılar. Azərbaycan lap başlanğıcda öz ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməyəcəyini bəyan etdi. Eyni zamanda, Azərbaycan dövləti rəsmi bəyanat verərək, müharibənin dayandırılmasını, arada olan problemlərin dinc yolla həll edilməsini irəli sürmüşdü. Bir məsələni də vurğulayım ki, İsrail-İran qarşıdurmasından sonra İran Prezidentinə zəng edib onunla bu vəziyyəti müzakirə edən ilk dövlət başçısı Azərbaycan Prezidenti olub. Azərbaycan Prezidentinin Pezeşkiana zəngi, onunla dostluq münasibətində olması vacib məsələdir. İranla Azərbaycan vaxtilə bir tarixi mədəniyyətə malik olublar. Ümumi dilimiz, dinimiz var. Bu baxımdan, heç kəs bizim münasibətləri korlaya bilməz. Xankəndi Zirvəsi bu münasibətlərin daha da möhkəmləndirilməsinə yeni zəmin hazırladı.

- İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkə liderlərinin Xankəndidə toplaşması regionda olmaq istəyən digər xarici dövlətlər tərəfindən necə qarşılandı və hazırda ölkəmizə qarşı hansı təsirlər müşahidə edilir?

- Kimlər bu 10 dövlətin qurduğu münasibətlərə qısqanclıq edirsə, gəlsin 11-ci olsun. Göründüyü kimi, təşkilatın adında “əməkdaşlıq” sözü var. Harada əməkdaşlıq var, orada müharibə, qarşıdurma olmur, faciələr baş vermir. Bu gün Azərbaycan atılan daşları yığan bir ölkədir.

Xankəndi görüşündə çox əhəmiyyətli bir hadisə də baş verdi. Əfqanıstan rəsmi hakimiyyəti ilk dəfə olaraq xaricdə baş nazirin müavini səviyyəsində bir tədbirdə iştirak etdi.  Bunun özü göstərir ki, Azərbaycan heç bir ölkənin daxili məsələlərinə qarışmır və həmin ölkələrlə əməkdaşlığa hazırdır. Azərbaycan Xankəndi görüşündən dünyaya “Dünyanı əməkdaşlıq xilas edəcək” mesajını verdi. Çox istərdik ki, həmin mesaj hər bir paytaxtda eşidiləydi.

- Azərbaycanla Ermənistan arasında gözlənilən sülh sazişi məsələsi aktuallığını saxlayır. Ermənistan öhdəliklərini yerinə yetirərsə, regionla bağlı bütün iqtisadi layihələrə qoşula bilər. Ermənistan buna hazırdırmı?

- Ermənistan cəmiyyəti vaxtilə Azərbaycana qarşı etdiyi təxribatların bu gün ağır nəticəsini yaşayır. Ermənistan Azərbaycanın təşəbbüskarı olduğu regional layihələrdən kənarda qalıb. Düzdür, Ermənistan o səhvlərdən nəticə çıxaran ilk addımını atıb, yəni razılaşdırılmış sülh sazişinin mətni hazırdır. Nə qədər ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var, nə qədər ki, Minsk qrupu buraxılmayıb, həmin saziş imzalana bilməz. Tutaq ki, saziş imzalandı, səfirliklər açıldı. Kim zəmanət verə bilər ki, nəticəsi hesablanmadan imzalanan həmin müqavilə 2088-ci ildə yenidən partlamayacaq. Biz 1921-ci ildə yaradılmış Dağlıq Qarabağ Vilayətinin çox sonralar necə bir siyasi mina kimi partladıldığını gördük. Bu baxımdan, Ermənistan Azərbaycanın o iki tələbini yerinə yetirərsə, hər hansı problem olmadan sülh sazişi imzalana bilər və münasibətlər digər ölkələrlə olduğu kimi, mehriban qonşuluq xətti ilə davam edər. Konstitusiya dəyişikliyindən danışılsa da, nəticə yoxdur. Ona görə də Azərbaycan Ermənistanın sonrakı addımlarına görə hərəkət edəcək.

- ABŞ hökumətinin Azərbaycan-Ermənistan münasibətlərində əsas maneə olan Zəngəzur dəhlizi və sülh sazişi ilə bağlı iki proqram təklif edir. ABŞ-nin qatqısı nə ola bilər?

- Azərbaycan digər dövlətlərin Ermənistanla münasibətlərimizin tənzimlənməsinə maraq göstərməsinə hörmətlə yanaşır. Bizm üçün vacib olan Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinə hörmətlə yanaşılan addımların atılmasıdır. Digər dövlətlərin Ermənistanla münasibəti necə quracağı onların öz işidir. Biz, ilk növbədə, Ermənistandan bu dəyişikliyi gözləyirik. ABŞ dünyanın aparıcı ölkələrindən biridir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Əgər ABŞ-Ermənistan münasibətlərində Ermənistandan Azərbaycanın dövlət suverenliyinə hörmətlə yanaşılma məsələsi qoyulacaqsa biz bunu ancaq alqışlaya bilərik. Azərbaycan o variantı seçəcək ki, orada Azərbaycanın maraqları qorunacaq.

- Əgər ABŞ Zəngəzur dəhlizinə nəzarət etməyi təklif edirsə, o zaman Rusiya-ABŞ-Ermənistan münasibətlərində, eləcə Rusiyanın Cənubi Qafqaza münasibətində sanksiya tələbi ilə daha da sərinləşən durum, region üçün hansı təhlükəni yarada bilər?

- Azərbaycan iki başqa ölkənin münasibətlərinə qarışmır. Ancaq o zaman reaksiya veririk ki, həmin münasibətlər Azərbaycana təhlükə yaradır. Rusiya-Ermənistan münasibətləri onların daxili işləridir. Bizi maraqlandıran bu münasibətlərdə Azərbaycana təsir edə biləcək tərəfdir. Bizim istədiyimiz ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəksin, suverenliyimizə hörmətlə yanaşsın və eyni zamanda Zəngəzur dəhlizinin fəaliyyətinə təminat versin. Görünən ondan ibarətdir ki, Azərbaycanın bu mövqeyi beynəlxalq birlikdə hörmətlə qarşılanır. Kimsə bunun əleyhinə çıxırsa, deməli Azərbaycanla bağlı çirkin niyyətləri var.

- Moskva Cənubi Qafqaz və Mərkəzi Asiyada rusdilli əhaliyə qarşı “təzyiqlərin artdığı” iddiası ilə bu ölkələrə qarşı sərt sanksiya paketi hazırlayır. Kreml bu ölkələrdə rus dilindən istifadənin məhdudlaşdırılması ilə bağlı qanunların qəbulunu “dil hüquqlarının pozulması” kimi qiymətləndirir. Bunu necə dəyərləndirirsiniz?

- Azərbaycan-Rusiya münasibətləri iki qonşu dövlətin münasibətlərindən kənara çıxmayıb. Bizim ölkələr arasında rəsmi səviyyədə hər hansı problem yoxdur. Biz strateji müttəfiqlərik, bir-birimizin maraqlarına hörmətlə yanaşır, bir-birimizin əleyhinə fəaliyyət göstərmirik.   Biz son Yekaterinburq hadisəsində Rusiyaya “Niyə bizim soydaşlarımızı həbs etdin?” demirik. Biz deyirik ki, “Niyə soydaşlarımıza bu formada aqressiv yanaşdınız?”. Əgər orada kiməsə qarşı cinayət işi açılıbsa, bu, Rusiya qanuvericiliyinə əsasən davam etməli idi. Rusiyada ölüm hökmü ləğv olunub, amma bizim orada yaşayan həmin insanlar heç bir istintaq olmadan polis şöbəsinə aparılmadan qətlə yetiriliblər. Yəni bizim dediyimiz odur ki, nəyə görə soydaşlarımıza qarşı zorakılıqla yanaşıblar? Biz Rusiyada Azərbaycanın narahatlığını anladıqlarını gördük. Ombudsmanlar, baş prokurorluqlar arasında münasibətlər, Rusiya fövqəladə hallar nazirinin Bakıya gəlməsi bundan xəbər verir ki, Rusiya-Azərbaycan münasibətləri, ancaq qarşılıqlı anlaşma şəraitində inkişaf edə bilər. Bir-birimizin daxili işlərinə qarışmamalı, eyni zamanda, bir-birimizin milli icmalarına hörmətlə yanaşmalıyıq. Azərbaycanda 200 minə qədər rus yaşayır. Eyni zamanda, digər millətlərdən olan rusdilli əhali də var. Onların hüquqlarına hörmətlə yanaşırıq. Azərbaycanda 300 rus məktəbi fəaliyyət göstərir, əhalimizin əksəriyyəti rus dilini bilir. Rusiyada da çox sayda azərbaycanlı yaşayır, işləyir. Hesab edirəm, ortaya çıxan məsələləri, ilk növbədə, mehriban qonşuluq, bir-birimizin icmalarına hörmətlə yanaşmaqla həll edə bilərik.

Seçilən
49
1
hafta.az

2Mənbələr