Ermənistanda sosial narazılıqlardan istifadə edən keçmiş hərbi xuntanın revanş istəkləri puç olub. Sarkisyan-Koçaryan tandemi kilsəni də siyasi proseslərə cəlb edərək ölkədəki xaosu dərinləşdirməyə cəhd göstərsə də, istədiklərinə nail ola bilməyib. Baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsini (EAK) "təsir agenti" adlandırıb və söz verib ki, yaxın aylarda bununla məşğul olacaq.
Baş nazir sonuncu mətbuat konfransında bildirib ki, Ermənistan hakimiyyəti ölkəni Serj Sarkisyandan azad etdiyi kimi, Erməni Apostol Kilsəsini də azad edəcək. O, bütün ermənilərin katolikosuna qarşı kampaniya təşkil etməklə bağlı ittihamları rədd edib və kilsəyə qarşı kampaniya başlatmayacağını qeyd edib: "Erməni Apostol Kilsəsi mən və ailəm üçün müqəddəsdir. Buna görə də biz onunla heç bir şəkildə mübarizə apara bilmərik. Nə ediriksə, kilsənin özü üçün edirik. Əgər kilsə bizim üçün müqəddəs olmasaydı, bu gün müşahidə olunan dağıdıcı prosesə, sadəcə, laqeyd qalardıq. Üstəlik, kilsənin indiki fəaliyyətləri, təəssüf ki, onun özünə zərər verir".
Paşinyan artıq bir müddətdir ki, kilsə rəhbərliyini dövlət işlərinə müdaxilədə və siyasi dairələrlə gizli əməkdaşlıqda ittiham edir. Onun fikrincə, Ermənistan Apostol Kilsəsi, xüsusən də hazırkı katolikos, cəmiyyətin demokratik inkişafına mane olur və keçmiş hakimiyyətlərlə sıx əlaqədə qalmaqda davam edir.
"Hraparak" nəşri yazıb ki, Nikol Paşinyan hakim partiyanın idarə heyətinin üzvlərinə kilsəyə qarşı təzyiqləri daha da artırmağı tapşırıb. Qeyd olunub ki, ruhanilər barədə dəhşətli hekayələri yaymaq, əsəb savaşı aparmaq, kilsə xadimlərini hər gün gözdən salmaq tapşırılıb: "Yeri gələndə hüquq-mühafizə orqanlarına qanunsuz göstərişlər vermək, insanların şəxsi həyatının toxunulmazlığını pozmaq nəticəsində əldə edilmiş sübutları, faktları da dərc edəcəklər. Hələlik xalqın səbrinin tükənəcəyindən və əks effekt verə biləcəyindən ehtiyatlanaraq "ifşalar etmək"də tərəddüd edirlər. Paralel olaraq hakimiyyət, həmçinin kilsə daxilində müxtəlif ruhanilər vasitəsilə II Qareginə qarşı koalisiya yaratmaq və onun uzaqlaşdırılması üçün münbit zəmin yaratmaq üzərində işləyir. Lakin indiki məqamda bu cür ruhanilər hələ də azlıq təşkil edir və çətin ki, çoxluq təşkil edib kilsə daxilində "hakimiyyət dəyişikliyi" həyata keçirsinlər".
Xatırladaq ki, Paşinyan hökuməti kilsə başçısına qarşı mübarizəsini Qareginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırmaqla başlamışdı. Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianəni mənimsəməsi ilə bağlı ittihamlarla davam edib.
Bir neçə il öncə Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum etmişdi. "Yeni Ermənistan, yeni patriarx" devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını demişdilər. Aksiya iştirakçılarının iddialarına görə, o, agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx "məxməri" inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunmuşdu.
Bu arada rusiyalı iş adamı Samvel Karapetyana qarşı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən yeni ittihamlar irəli sürülüb. Bu barədə biznesmenin vəkilləri məlumat yayıblar. Vəkillərin bildirdiyinə görə, Karapetyan bir neçə şirkətin fəaliyyəti nəticəsində "çirkli pulların yuyulması"nda ittiham olunur. Onlar hesab edirlər ki, bu ittihamlar heç bir fakt təqdim olunmadan, əsassız şəkildə irəli sürülüb. "Son vaxtlar Ermənistanda 'çirkli pulların yuyulması' ittihamı siyasi qisas aləti kimi istifadə edilir və bu, artıq geniş yayılmış praktika halını alıb", - deyə Karapetyanın müdafiəçiləri bəyan ediblər.
Qeyd edək ki, Karapetyan uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur və bəzi dairələr onun Ermənistanla bağlı siyasi mövqeyinə görə təzyiqlərə məruz qaldığını iddia edirlər.
Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət növbəti dəfə mürəkkəbləşməyə doğru gedir. Bu da o deməkdir ki, ölkə sonu görünməyən daxili siyasi böhrandan birdəfəlik qurtula bilmir.
Elçin CƏFƏROV,
"Azərbaycan"