Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı
ilə 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə anım tədbiri
keçirilib.
Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə
Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, bələdiyyə sədrləri,
idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə Vətən uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik
sükutla yad edilib, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Baş konsul Recep Öztop 15 İyul Demokratiya və Milli Birlik
Gününün əhəmiyyətindən danışaraq qeyd
edib ki, 2016-cı il iyulun 15-də Türkiyə tarixində ən ağır çevriliş cəhdi baş
verdi: "Ancaq xalq Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışına səs verərək
küçə və meydanlara axışdı, dövlətini, demokratiyanı və milli birliyini qorumaq
üçün qətiyyət nümayiş etdirdi. Bu gün türk xalqı həmin hadisələr zamanı şəhid
olmuş vətən övladlarını böyük minnətdarlıq və ehtiramla yad edir".
Gəncə ŞİH başçısının müavini Adil Tağıyev isə çıxışında bu
sınaq günündə Azərbaycanın bir daha "Bir millət, iki dövlət"
prinsipinə sadiq qaldığından danışıb: "Dövlət çevrilişinə cəhd zamanı Azərbaycan
Türkiyənin yanında oldu. Hadisənin ilk anlarından Prezident İlham Əliyev Türkiyə dövlətinə olan dəstəyini
açıq şəkildə ifadə etdi".
Tədbirin sonunda Demokratiya və Milli Birlik Gününə həsr
olunmuş videoçarx nümayiş olundu.
Sabir ƏLİYEV,
"Azərbaycan"