AZ

Sağlam budaqlar sağlam köklərdən su içir

Elə əməlisaleh insanlar var ki, onlar istər sağlığında, istərsə də dünyasını dəyişəndən sonra xoş hisslərlə, ehtiram duyğusu ilə yada düşür, xatırlanırlar. Görkəmli ictimai xadim, müqtədir jurnalist, tanınmış söz adamı, nüfuzlu qələm sahibi Nəsir İmanquliyev kimi.

Bir neçə nəslin, o cümlədən mənim də mənsub olduğum nəslin jurnalistlərinin yetişməsində Nəsir müəllimin əvəzsiz, ölçüyəgəlməz zəhməti olub.

Nəsir müəllim yetirmələrinin yaddaşında aydın fikirli, saf əqidəli, vətəndaş qeyrətli ziyalı, xalqına, vətəninə bağlı bir insan kimi qalıb. O, ustad jurnalist, gözəl müəllim, əsl pedaqoq idi. Jurnalistikanın incəliklərini tələbələrinə səbirlə, təmkinlə izah edir, jurnalist etikası, mədəniyyəti, sözün qədir-qiymətini, mizan-tərəzisini bilməyin vacibliyini aşılayırdı. 

Təbiətən sadə insan olan, sadəlikdə böyüklüyün nümunəsini göstərən Nəsir müəllim auditoriyada tələbələri ilə canlı ünsiyyət qurur, gələcək jurnalistlərin mülahizələrini həvəslə dinləyirdi.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinin müəllim və tələbələri arasında belə bir fikir formalaşmışdı ki, fərasəti, yazı vərdişləri olan, ümidverən tələbə Nəsir müəllimin gözündən yayınmır. Bu sözlərdə həqiqət vardı: fakültənin ən yaxşı, seçmə məzunları diplomunu alan kimi, N.İmanquliyevin xeyir-duası ilə "Bakı" və "Baku" qəzetlərinin redaksiyasında işə düzəlirdi. Belə bir xoşbəxtlik mənə də nəsib olmuşdu. 1958-ci ildən nəşr edilən, uzun illərdən bəri "imzalar içində imzası olan", populyarlığını itirməyən bu qəzetlər, sözün əsl mənasında, Nəsir İmanquliyevin jurnalist ömrünün, qəzetçilik fəaliyyətinin şah əsəri idi. O illərdə bu qəzetlər gerçəkliyə sədaqəti, reallığı əks etdirməsi ilə seçilir, oxucusunu düşündürürdü. Nəsir müəllimin "Yazı yazın, səs salıb mis kimi cingildəsin" kəlamı bu gün də peşəkar jurnalistlərin dilində zərb-məsələ çevrilib.

Bəs "Bakı" qəzeti necə yaranmış, həyata necə vəsiqə almışdı? 

Nəsir müəllim hələ əllinci illərin ortalarında, Mərkəzi Komitədə işlədiyi vaxtlarda Azərbaycan dilində şəhər qəzeti çıxarmağın vacibliyi barədə məsələ qaldırmışdı. Həmin dövrdə Bakının azərbaycandilli sakinlərinin sayını və tələbatını nəzərə alaraq, onun təklifini bəyənmiş, bu barədə müvafiq qərar qəbul olunmuşdu. Ovaxtkı rejimin istəyinə uyğun olaraq, şəhər qəzeti yaratmaq barədə qərar təsdiq üçün Moskvaya - Sov.İKP MK-ya göndərildi. İş elə gətirdi ki, həmin dövrdə N.İmanquliyevi Azərbaycan Radio Verilişləri Komitəsinə sədr təyin etdilər. Bu komitədə yeddi-səkkiz ay işləmişdi ki, Mərkəzi Komitədən Şıxəli Qurbanov ona zəng etdi. Bildirdi ki, "şəhər qəzeti açmaq barədə qərarımızın paytaxtdan təsdiqi gəlib".

Bu xəbəri eşidəndə Nəsir müəllimin sevincinin həddi-hüdudu yox idi. Ona bütün təşkilati işləri görüb yeni qəzeti açmaq və ona rəhbərlik etmək həvalə olundu. Düzdür, radio komitəsindəki işini dəyişib qəzetə redaktor keçməklə, əməkhaqqında fərq olsa da, buna heyifslənmədi: çoxdankı arzusuna qovuşmuşdu. 

Beş ay sürən hazırlıq işləri başa çatdı, yenicə işıq üzü görən ilk axşam qəzeti bakılıların görüşünə gəldi. 1958-ci il yanvarın 10-da respublikamızda çıxan mətbu nəşrlər arasına adı paytaxtın adından götürülmüş "Bakı" qəzeti də əlavə olundu. Bu mətbu nəşr elə ilk sayındaca Bakı sakinlərinin, sadə əmək adamlarının, ziyalıların qəzeti olacağını, şəhərimizin mübarizə ənənələrini yaşadacağını vəd edirdi. 

Yaradıcı heyət qəzetin ilk sayından etibarən şəhərimizin zəngin həyatını, bakılıların quruculuq işlərini işıqlandırır, müxtəlif qəzet janrlarından istifadə edirdi. Nəsir müəllim qəzetin ətrafına, necə deyərlər, güclü qələmlər toplamışdı. Sənət adamlarının - Abdulla Şaiqin, Süleyman Rüstəmin, Sabit Rəhmanın, Mirzə İbrahimovun, Rəsul Rzanın, Hüseyn Abbaszadənin, Qabilin qələmindən çıxan bədii nümunələr, publisistik yazılar qəzetə rəngarənglik gətirir, həm də oxucu marağını, rəğbətini artırırdı. 

Redaksiyanın kollektivinə ümidverən, orijinal dəst-xəti, üslubu ilə seçilən jurnalistlər - Şamil Şahməmmədov (o, sonralar doğma qəzetində müxbirlikdən baş redaktorluğadək yüksəldi), Səfər Məmmədov, Manaf Süleymanov, Əhməd Rəşidov, Adil Cavad, Kazım Ələkbərov, Çingiz Ələkbərov, Famil Mehdi, Cəmşid Əmirov, Şamil Qurbanov, Rəfael Nağıyev, Cabir Novruz, sonralar Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli, Şaban Şabanov və adını çəkə bilmədiyim qələm adamları cəlb olunmuşdu və onların əməyi bu gün ehtiramla yad edilməlidir. Qürur hissi ilə deyim ki, doğma divarları arasında 25 il çalışdığım "Bakı" qəzetində yetişən neçə-neçə əməkdaş sonralar yüksək vəzifələrə irəli çəkilmişdi.  

Əvvəllər qəzet kiçik formatda çıxırdı. Tədricən tiraj artdı, "Bakı" reklam əlavələri ilə birlikdə çap olunmağa başladı. Yaradıcı heyət mövzu axtarışlarını genişləndirir, oxucularla görüşlər keçirir, operativliyini artırırdı. Axı Nəsir müəllimin təbirincə desək, "hər şeyi sürətin, dinamikanın həll etdiyi zaman idi". 

1962-ci ildən isə rus dilində "Baku" qəzetini də buraxmaq Nəsir müəllimə müyəssər oldu. Hər iki qəzet oxunur, əldən-ələ gəzir, sevilirdi. Bu şəhər qəzetlərinin hətta ölkəmizin ucqar rayonlarında da abunəçiləri vardı, redaksiya çoxsaylı oxucu məktubu alırdı. İki qəzetə rəhbərlik edən Nəsir müəllim çiyinlərini olduqca ağır yükün altına vermişdi. 

Milli mətbuatımızın 150 illiyinin qeyd olunduğu bu günlərdə sövq-təbii dönüb arxaya baxırıq. Artıq tarixə çevrilmiş illərin məsafəsindən görünən faktlara, habelə yaddaşımda qərar tutmuş işıqlı xatirələrə istinad edərək inamla deyə bilərəm ki, bizim Nəsir müəllim bu ağır yükü şərəflə daşımışdı. O, sanki uzaq səfərlər gəmisinin kapitanı kimi öz gəmisini məharətlə, çox mükəmməl idarə edərək, onu "oxucu okeanı"na çıxardı, otuzillik bir məsafəni mətinliklə, mərd-mərdanə qət etdi. Başqa sözlə, bu çətin vəzifədə düz otuz il sərasər çalışdı. Bəs bu uzunömürlülüyün sirri nə idi? Bunun sirri təşkilatçılıq bacarığında, məsuliyyət hissinin güclü olmasında, kollektivdə yaradıcı adamlarla dil tapmaq məharətindədir. 

Nəsir müəllim redaksiyada ikiillik müxbirlər universiteti yaratmağa da nail olmuşdu. Yaxşı xatirimdədir, həmin universiteti nə qədər ictimai müxbir bitirmişdi. Məşğələləri Nəsir müəllimin uzun illər dərs dediyi Jurnalistika fakültəsinin müəllimləri aparır, müdavimlərə xüsusi sənəd təqdim edilirdi. Sonradan həmin ictimai müxbirlərin çoxu təhsillərini BDU-nun Jurnalistika fakültəsində davam etdirmişdi. 

Ustad jurnalist həm də inandırıcı yazmağı tövsiyə edirdi. O, jurnalistika sahəsində mahir strateq olduğunu elə ilk fəaliyyətindən sübuta yetirmişdi. Deyirdi ki, publisistlər dövrün salnaməsini yaradan qələm sahibləridir. Dərc olunan qəzet məqaləsinin əsas məqsədi, publisist sözünün qayəsi oxucunu nəyə isə çağırmaq və onu inandırmaqdır. Yaxşı xatirimdədir, redaktorumuz antik dövrün filosof-natiqlərindən biri olan Diosfendən sitat gətirərək onun "mən sizi inandıra bilsəm, dediklərimin hamısına əməl edəcəksiniz" sözlərini tez-tez diqqətə çatdırardı. Deyərdi ki, publisist sözünün əhəmiyyəti onun müəyyən işi görməyə nə dərəcədə sövq edə bilməsi ilə ölçülür.

Nəsir müəllim yaratdığı çevik və işgüzar redaksiya kollektivinə arxalanaraq, qarşıya qoyulan missiyanı uğurla həyata keçirirdi. Redaksiya kollektivi yeni və istedadlı qələm sahiblərini birləşdirirdi. Onların hər biri fərqli istedad sahibi olsa da, ümumiləşdirici məziyyətləri vardı: böyük şəhərin çoxşaxəli həyatını yaxşı bilir, bu həyatın düzgün işıqlandırılmasını gözəl bacarırdı. Təsadüfi deyil ki, jurnalistika aləmində "yeni model" adlandırılmağa layiq olan həmin kollektivin üzvləri indi də hörmətlə xatırlanır. Redaksiyamızda hər həftəsonu keçirilən, qəzetçilərin "letuçka" adlandırdığı istehsalat müşavirələri əsl məktəb idi. Yazdığımız materiallar təhlil olunur, qiymətləndirilirdi. Redaktorumuz günün aktual problemlərindən bəhs edən, cəmiyyətdə gedən proseslərin mahiyyətini açan, gerçəkliyi əks etdirən yazılar hazırlamağı məsləhət görürdü. Nəsir müəllim faktların danılmaz gücünə, cazibəsinə əsaslanan, dərhal oxucunun diqqətini cəlb edən publisistikaya üstünlük verirdi.

Hamımızın müəllimi olan Nəsir İmanquliyevin gözünün nuru, ürəyinin odu ilə araya-ərsəyə gətirdiyi "Bakı" və "Baku" qəzetləri yaradıcılıq məktəbi kimi neçə-neçə ziyalının püxtələşməsində əvəzsiz rol oynamışdır. Bu qəzetlərin, necə deyərlər, "şinelindən çıxmış" qələm sahibləri həyatın müxtəlif sahələrində, yüksək kürsülərdə çalışır, xalqımıza böyük fayda verirlər.

Yaxşı deyiblər ki, sağlam budaqlar sağlam köklərdən su içib ucalır. Məhz bu mənada ağsaqqal, ustad jurnalistlərimizin ömür yolu, apardıqları mübarizə, onların peşəkarlığı, sənətə olan münasibəti gənc jurnalistlər, qələm sahibləri üçün bir nümunə, örnəkdir.

Bir ağrılı xatirəmi də dilə gətirmək istəyirəm. "Bakı"nın 40 illik yubileyi ərəfəsində hazırlanan xüsusi buraxılış üçün bu mətbu nümunənin yaradıcısı və həmin qəzetə məharətlə rəhbərlik etmiş, həmin dövrdə ağır xəstəlik keçirən Nəsir İmanquliyevdən müsahibə almaq mənə həvalə olunmuşdu. İlk redaktorla son müsahibəni hazırlamaq mənim taleyimə düşmüşdü.

Xeyirxah əməlləri heç vaxt unudulmayan, yetirmələrinin, tələbələrinin qəlbində, hafizəsində, xoş duyğularında yaşayan Nəsir müəllimin əziz xatirəsi heç vaxt unudulmayacaq. Ustad jurnalist bu sayğı və ehtiramı, dərin sevgini şəxsi nümunəsi ilə haqq edib. 

Zemfira MƏHƏRRƏMLİ,

yazıçı-publisist, Əməkdar jurnalist

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr