AZ

Şirkətin texnikasını yandıran sahibkar məhkəmə zalından azadlığa buraxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Valeh Dəmirçiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Siyəzən Rayon Məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilib və ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Valeh Dəmirçiyev saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsindən dərhal həbsdən azad olunub.

 

İttihama görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, texnikaların qazma hissələrinə aid ehtiyat hissələrinin satışını və servis xidmətini təşkil edən Valeh Dəmirçiyev 30 sentyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhərindən Siyəzən rayonuna gələrək rayonun Balaca Həmyə kəndində digər şirkətə məxsus, qazma işləri aparan “Bauer BG 20H” markalı tırtıllı yerqazan texnikanın yerini müəyyənləşdirib. Sonradan o, Şabran rayonuna gedib “Karvan” oteldə dincələrək əməlini törətmək üçün əlverişli şəraitin və vaxtın gəlməsini gözləyib. Valeh 01 oktyabr 2023-cü il tarixdə, saat 01:00 radələrində sözügedən rayonunun Balaca Həmyə kəndinə gəlib qabaqcadan özü ilə gətirdiyi benzindən istifadə etməklə “Bauer BG 20H” markalı tırtıllı yerqazan texnikanın kabinəsini yandırıb. Beləliklə, o, həmin texnikanın müxtəlif ehtiyat hissələrini yandırıb yararsız vəziyyətə salmaqla zərərçəkmiş şəxsə 191 151,38 manat dəyərində ziyan vuraraq özgənin əmlakını qəsdən yandırıb.

 

Siyəzən Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2025, 08:16   
Seçilən
50
pravda.az

1Mənbələr