AZ

Şamaxıda media nümayəndələri üçün dini ibadətgahlara mediatur təşkil olunub  

Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfransın davamı olaraq media nümayəndələri üçün rayonda yerləşən dini ibadətgahlara mediatur təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediatur çərçivəsində iştirakçılar ilk olaraq Azərbaycan və Şərq memarlığının nadir incilərindən hesab olunan, tarixi 743-cü ilə gedib çıxan Şamaxı Cümə məscidini ziyarət ediblər. İslam mədəniyyətinin qədim abidələrindən biri kimi tanınan bu məscidlə bağlı qonaqlara ətraflı məlumat verilib, burada son illərdə həyata keçirilmiş əsaslı bərpa və konservasiya işləri barədə danışılıb.

Daha sonra jurnalistlər Şamaxı şəhərində yerləşən İmamzadə məscidinə baş çəkiblər. Bu dini mərkəz də həm tarixi, həm də memarlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Ziyarət zamanı məscidin keçmişi, dini dəyəri və icma həyatı haqqında geniş məlumat təqdim olunub.

Səfərin növbəti ünvanı isə bölgənin tanınmış ziyarətgahlarından biri – Pirsaat Baba ziyarətgah-məscid kompleksi olub. Burada media nümayəndələri ilə görüşən dini icma təmsilçiləri ziyarətgahın yaranma tarixi, yerli əhali üçün əhəmiyyəti və burada aparılan təmir-bərpa işləri barədə danışıb, dini-mədəni irsin qorunması istiqamətində görülən tədbirləri diqqətə çatdırıblar.

Mediaturun əsas məqsədi həm media nümayəndələrinin ölkəmizdəki dini ibadət məkanları ilə daha yaxından tanış olmasına şərait yaratmaq, həm də Azərbaycanın dini tolerantlıq ənənələrini, dövlət-din münasibətlərindəki uğurlu modeli işıqlandırmaq olub.

Seçilən
52
1
azerbaijan-news.az

2Mənbələr