BAKI, 16 iyul. TELEQRAF
Azərbaycan yaşayış keyfiyyətinə görə geriləyib.
Teleqraf beynəlxalq göstəricilərə əsasən verir ki, Azərbaycanda adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 7 284 dollar, milli valyutada isə 12 382 manat təşkil edib. Bununla da Azərbaycan, 197 ölkə arasında 103-cü sırada yer alıb və əvvəlki göstərici ilə müqayisədə 4 pillə geriləyib.
Azərbaycan dünyada yaşayış xərclərinə görə 197 ölkə arasında 138-ci yerdə qərarlaşıb. Yeni statistik göstəricilərə əsasən, ölkədə bir nəfərin orta aylıq yaşayış xərci kirayə ilə birlikdə 737 ABŞ dolları (1253 manat) təşkil edir. Bu göstərici dünya üzrə orta göstəricidən 1.55 dəfə aşağıdır.
Ölkədə vergilər çıxıldıqdan sonra orta aylıq əməkhaqqı 482 dollar (819 manat) təşkil edir. Bu məbləğ bir nəfərin təxminən 21 günlük yaşayış xərclərini ödəməyə kifayət edir.
İnsan ömrü uzunluğu indeksi Azərbaycan üzrə 74,4 il müəyyən edilib. Bu göstəriciyə görə, respublika 94-ci yerdə qərarlaşıb. Əlavə olaraq, ölkədə insan azadlığı indeksi 5,54 səviyyəsində olub ki, bununla da Azərbaycan 197 ölkə arasında 150-ci yeri tutub.