Sea Breeze

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Rabitəbank” ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədin imzalanması mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, “Rabitəbank” Agentliyin fəal sosial tərəfdaşlarından biridir və bir sıra istiqamətlər üzrə əməkdaşlıq həyata keçirilir.

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov öz çıxışında Agentliyin fəaliyyətini yüksək qiymətləndirib, bankın əməkhaqqının birgə maliyyələşdirilməsi proqramlarında, əmək yarmarkalarında və digər tədbirlərdə aktiv iştirak etdiyini bildirib. O, imzalanan sənədin dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.

Memorandumu Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov imzalayıblar.

Sənədə əsasən, Agentliyin fəaliyyət istiqamətləri və qarşılıqlı maraq kəsb edən layihələr üzrə əməkdaşlıq ediləcək. Həmçinin işsiz və işaxtaran şəxslərin peşəyönümünün və peşə hazırlığının təşkili, onların işlə təmin olunmasına bank tərəfindən dəstək göstərilməsi, eyni zamanda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbir, proqram və layihələrin icrası planlaşdırılır.

Bundan əlavə, əməkdaşlıq çərçivəsində innovativ layihələrin, o cümlədən, tədbir və forumların təşkili də nəzərdə tutulur.

ETX
ETX
ETX