“Daha çox gənc qapıçılara şans vermək istəyirəm”
Bunu Offsideplus.az saytına açıqlamasında “Karvan”ın qapıçılar üzrə məşqçisi təyin olunan Hüseyn Məhəmmədov deyib.
Veteran futbolçu yeni təyinatına sevindiyini gizlətməyib: “Klubdan belə bir təklif gəldiyini eşidəndə sevə-sevə qəbul etdim. Bunu peşəkar karyerası olan futbolçu kimi deyirəm ki, mən aradan-sıradan bir qapıçı deyiləm. Ümumiyyətlə, təcrübəli mütəxəssislərə hər komandada ehtiyac var. Mən də bacardığım qədər çalışacağam ki, kluba ən yaxşı şəkildə xidmət edim".
50 yaşlı çalışdırıcı komanda ilə hədəflərini də açıqlayıb:
“Çalışacağam ki, əsasən gənc qapıçılara üstünlük verim. Bu, həm komandanın xeyri, həm də gənc və perspektivli qapıçıları üzə çıxarmaq üçün lazımdır. Əlimdən gələni edəcəyəm ki, “Karvan”dan milliyə qapıçılar çağrılsın. Bizim hər birimizin məqsədi Azərbaycan futboluna xidmət etməkdir. Əgər komanda Premyer Liqada oynayırsa, hər bir futbolçu, məşqçi bunun məsulliyətini hiss etməlidir”.
Qeyd edək ki, bu gün Misli Premyer Liqasının debütantı "Karvan"da baş məşqçi vəzifəsi Azər Həşimova tapşırılıb. Hüseyn Məhəmmədovla yanaşı, Zaur Hacıyev köməkçi-məşqçilər təyin ediliblər.