AZ

Bu il zərər edən yeganə bank odur

"Bank BTB" bu ilin 6 ayını 1 milyon 699 min manat zərərlə başa vurub. 

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə bank mənfəətə çıxa bilməyib və bu, sektorda zərər açıqlayan yeganə bank olub.

Bankın cəmi aktivləri 0.56% və ya 2 milyon 48 min manat azalaraq 364 milyon 211 min manata enib. Kredit portfeli isə 1.05% və ya 2 milyon 863 min manat azalma ilə 270 milyon 722 min manat təşkil edib.

Eyni zamanda "Bank BTB"nin cəmi kapitalında da geriləmə olub. Belə ki, 5.49% və ya 2 milyon 891 min manat azalaraq 49 milyon 751 min manata qədər geriləyib.

Bankın faiz və qeyri-faiz gəlirlərinin həcmində isə artım müşahidə olunub. Faiz gəliri 16 milyon 31 min manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 615 min manat və ya 4% çoxdur. Qeyri-faiz gəlirlərinin həcmi 3 milyon 324 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29.74% və ya 762 min manat çoxdur.

Faiz xərclərinin həcmi isə 9 milyon 348 min manat olub ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1.1% və ya 105 min manat azdır. Bu ilin hesabat dövründə bankın qeyri-faiz xərclərinin həcmi 7 milyon 392 min manat təşkil edib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19.24% və ya 1 milyon 193 min  manat azdır.  

Bu dövrdə "Bank BTB"nin cəmi öhdəlikləri 314 milyon 460 min manat təşkil edib. 2024-cü ilin eyni dövrünə nisbətən 0.27% və ya 843 min manat manat çoxdur.

Mayya Hüseynova

Seçilən
56
valyuta.az

1Mənbələr