AZ

Bitkoin bazarı alt-üst olacaq: Daha nə qədər bahalaşma gözlənilir?

“İyulun 14-də bitkoin ilk dəfə olaraq tarixi maksimum qiymətini -123218 dollar həddini keçməyi bacardı”. 

Bu sözləri “Crypto Consulting MMC”nin direktoru, “Kriptoinvest.az” portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bu bahalaşmaya bir neçə əsas fundamental faktorlar təsir edir: 

“Birincisi, dünyada makroiqtisadi vəziyyətin stabilləşməsidir. İkincisi isə iri korporativ şirkətlərin və investisiya fondlarının bitkoinə marağının artması və “Bitcoin ETF”-lərə olan kapital axınıdır. Üçüncü faktor da kriptovalyuta birjlarında bitkoin ehtiyatlarının son 3 ildə minimuma düşməsidir”. 

Ekspertin sözlərinə görə, qiymət artımına təsir edən mühüm amillərdən biri də Amerikada kriptovalyutalar üçün əlverişli tənzimləmə mühitinin yaradılmasıdır: 

“ABŞ Konqresinin Nümayəndələr Palatasında kriptovalyutalarla bağlı rəqəmsal aktivlər bazarının şəffaflığı (CLARITY), stabilkoinlərin tənzimlənməsi (GENIUS) və mərkəzi bankın rəqəmsal valyutalarının (CBDC) istifadəsinə qarşı 3 mühüm qanun layihəsinə baxmağı planlaşdırır. 

Bu qanun layihələri qəbul edilərsə, onlar ABŞ-də kriptovalyutaların tənzimlənməsini əsaslı şəkildə dəyişə bilər. Bu isə öz növbəsində kriptovalyuta bazarında qiymətlərin artmasına müsbət təsir göstərəcək. Ehtimal var ki, bu cür müsbət dinamika davam edərsə, 2025-ci ildə bitkoinin qiymətini 135000-145000 dollar aralığında görə bilərik”. 

Lakin mütəxəssis onu da əlavə edib ki, qiymət korreksiyası da mümkündür:

“Əgər ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlayarsa, bu, riskli aktivlərə, o cümlədən bitkoinə olan tələbi azalda bilər. Bu halda da sözügedən kriptovalyutanın qiymətinin yenidən 105000 dollara qayıtması mümkündür. Mövcud şəraitdə isə bitkoin üçün 108000-111000 dollar səviyyəsində güclü dəstək var”. 

Seçilən
112
cebheinfo.az

1Mənbələr