AZ

Atası azərbaycanlı olan türk yazar

BAKI, 16 İyul. TELEQRAF

Dünən Türkiyənin məşhur yazıçısı Pınar Kür vəfat etdi.

Onu həyatda cəmi bir dəfə görmüşdüm. 2016-cı ilin noyabrında İstanbulda Tüyap kitab festivalında “Cumhuriyet” qəzetinin stendində oxucularla görüş keçirirdi. Həmin vaxt qəzetin bir sıra əməkdaşları həbs edildiyi üçün onlara dəstək olaraq gəlmişdi.

Pınar Kürün atasının azərbaycanlı Bəhram Kür olduğunu bilirdim. Bəhram bəyin həyat hekayəsinə isə agah deyildim. Yaxınlaşdım, azərbaycanlı olduğumu dedim. Bir anlıq gülümsədi, “bilirsənmi mənim atam da azərbaycanlıdır. Sizin bir dövlət adamınız olub, Şəfi bəy. Onun qohumu idi”.

Azərbaycan Parlamentinin üzvü, “Azərbaycan” qəzetinin rusca versiyasının redaktoru, ömrünü mühacirətdə tamamlamış Şəfi bəy Rüstəmbəylini nəzərdə tuturdu.

“Cumhuriyet” qəzetinin bir nüsxəsini xatirə olaraq imzalamasını istədim, “Azerbaycan’a sevgilerle. Pınar Kür” yazaraq təqdim etdi.

Bəhram bəyin həyatını öyrənmək üçün daha sonra Pınar xanımla əlaqə qurmağa çalışsam da, təəssüf ki, səhhətindəki problemlər səbəbindən mümkün olmadı. Bir dostumuzun yardımı ilə oğlu Əmrah bəylə əlaqə qura bildik, o da anasının hələ ki narahat olduğunu, müvafiq zamanda təşkil edə biləcəyini söylədi. Təəssüf ki, artıq bu görüş baş tutmayacaq.

Bəhram bəy haqqında hələ ki geniş məlumat əldə edə bilməmişik. Şəfi bəyin qardaşı oğludur. Məzarlıq sənədlərində 1911-ci ildə doğulduğu, atasının adının Cəfər olduğu yazılıb. Şəfi bəyin qardaşı Cəfər bəy Cümhuriyyət dövründə sənaye və ərzaq nazirinin müavini, eləcə də Kuban Don hökumətlərindəki diplomatik nümayəndəsi olub. Amma Cəfər bəyin mühacirətə gedən oğlu Şükür bəydir. Sənədlərdə bu ailədən Şəfi bəyin digər qardaşı Baxış bəyin Bəhram adlı oğlu olduğu yazılıb.

Bəhram bəy əvvəlcə Türkiyə Böyük Millət Məclisinin kitabxanasında, daha sonra Türkiyə milli kitabxanasında mütərcim vəzifəsində çalışıb. Eyni zamanda Maarif Vəkalətinin (Təhsil Nazirliyinin) xarici mədəni münasibətlər bölməsində fəaliyyət göstərib. 1956-cı ilin dekabr ayında nazirlik onu iki il müddətinə təcrübə toplamaq üçün Amerikaya göndərib. Bəhram bəy Türk Kitabxanaçılıq Dərnəyinin də üzvü olub.

Bəhram bəy 1940-cı ildə şair İsmət xanımla ailə həyatı qurub. Toyları ilə bağlı qəzet xəbərində onun müəllim olduğu yazılıb. Türk qəzetlərindəki yenə həmin ilə aid bir xəbərdə Bəhram bəyin Biləcik orta məktəbinə təyin edildiyi yazılıb.

Bəhram bəy 16 iyun 1965-ci ildə vəfat edib, Ankarada Cəbəci Əsri məzarlığında dəfn olunub.

İsmət xanımın atası isə Osmanlı dövründə tanınmış bir şəxs idi. Jurnalist, yazıçı, siyasətçi olan bu şəxsin əsl adı Mehmed Səlim idi, 1868-ci ildə İstanbulda saray katiblərindən Hüseyn Hüsnü bəyin ailəsində doğulmuşdu.

1889-cu ildə qardaşı Süleyman Tofiq bəy ilə birlikdə “Mürüvvət” adlı gündəlik qəzet nəşr edib, lakin bir məqalədə yazdıqlarına görə ermənilərin təhdidinə məruz qalıb, nəticədə mühacirətə gedib. Bu hadisədən sonra Mehmed Səlim bəy “Avnullah Kazımi” təxəllüsü ilə yenidən ölkəyə qayıdıb. 1901-ci ildə həbs edilib, Sivas şəhərinə sürgünə göndərilib. Oradan qaçmağa cəhd etdiyi üçün bu dəfə Sinop qalasına salınıb.

1908-ci il inqilabından sonra İstanbula qayıdaraq “Son Müdafiə” adlı əsərini qələmə alıb. Eyni zamanda “Fədakarani-Millət” (Millətin Fədakarları) adlı cəmiyyətin qurucularından olub. Dövrün hakim İttihad və Tərəqqi hökuməti ilə konfliktə girməsi səbəbindən həbs edilib, lakin məhkəmədə azad olunub, nəticədə Kərkük şəhərinə mütəsərrif (idarəçi) təyin edilib. Sonrakı dövrlərdə də yenidən həbslə üzləşsə də, vəzifəsinə qaytarılıb.

Avnullah Kazıminin digər qızı Xalidə Nüsrət Zorlutuna da Türkiyənin tanınmış yazıçılarından olub. Xalidə xanımın qızı Əminə Işınsu (1938-2021) türk romançılığında imzası olan yazıçı idi.

Bəhram bəyin xanımı şair İsmət Kür 1916-cı ildə İstanbulda doğulub, Ankarada orta məktəb müəllimləri yetişdirən Qazi Təhsil İnstitutunda oxuyub. Nyu-Yorkda 4 il uşaq və gənclərin psixologiyası, təhsil, sosial münasibətlər mövzularında kurslar alıb. Ondan çox kitab müəllifi olub. 2013-cü ildə vəfat edib.

Göründüyü kimi Bəhram bəyin qızı Pınar Kür babası, xalası kimi yazıçı və jurnalistlərin olduğu bir mühitdə yetişib. O, 1943-cü ildə Bursa şəhərində doğulub. İstanbuldakı məşhur Robert kollecində və bir müddət Amerikada təhsil alıb. 1969-cu ildə Parisdə Sorbon Universitetində “XX əsr teatrında reallıq və illuziya” mövzusunda doktorluq elmi işini müdafiə edib. 1970-ci illərdə Ankara Dövlət Teatrında dramaturq, daha sonra İstanbul Universiteti Xarici Dillər Məktəbində müəllim işləyib. Son illərdə isə İstanbul Bilgi Universitetində Media və Kommunikasiya Sistemləri fakültəsində çalışırdı.

Ədəbiyyatda qadın mövzularına diqqəti ilə tanınan Pınar Kür “Yarın yarın” adlı romanıyla diqqət çəkib. Ardınca “Kiçik oyunçu”, “Asılacaq qadın” kimi əsərlər yazıb. “Asılacaq qadın” əsərindəki bəzi detallara görə məhkəməyə verilib, əsərləri yığışdırılıb, lakin bəraət qazanıb. Ədəbiyyata xidmətlərinə görə bir neçə mükafata layiq görülüb.

Təəssüf ki, məşhur Rüstəmbəyli ailəsindən olan Pınar Kürün atası haqqında əlimizdəki məlumatlar bu qədərdir. Ümid edirik ki, geniş bilgilər əldə edəcəyik.

Seçilən
45
teleqraf.com

1Mənbələr