Ermənistanın baş naziri xarici investorların yollar, boru kəmərləri və enerji xətləri tikintisinə cəlb olunacağını istisna etməyib…
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hazırda ölkədə yol infrastrukturuna sərmayə cəlbi və müəyyən funksiyaların icrası ilə məşğul olacaq xüsusi bir şirkətin yaradılması məsələsi müzakirə olunur.
Poliqon xəbər verir ki, baş nazir bu barədə Ermənistan hökümətinin iclasında danışıb. Söhbət torpaqların tikinti hüququ ilə icarəyə verilməsindən gedir.
Paşinyanın sözlərinə görə, əgər bu model qəbul olunarsa, xarici şirkət yolların, boru kəmərlərinin və elektrik ötürücü xətlərinin tikintisinə sərmayə qoya biləcək. Layihə başa çatdıqdan sonra isə həmin obyektlər dövlət mülkiyyətində qalacaq. Baş nazir qeyd edib ki, bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Ermənistanın baş naziri bu yanaşmanın Ermənistanda artıq mövcud olan bir sıra oxşar modellərə əsaslandığını bildirib. Məsələn, "Zvartnots" hava limanı, “Cənubi Qafqaz Dəmir Yolu” (YUKJD) və ölkənin su təchizatı sistemi bu üsulla idarə olunur. Paşinyan bu nümunələrin uğurlu tərəfdaşlıq modelləri olduğunu və yeni layihələrdə də eyni prinsiplərin tətbiq edilə biləcəyini vurğulayıb.
Poliqon.info