Son aylarda regionumuzla bağlı üç beynəlxalq əhəmiyyətli hadisə baş verib ki, Azərbaycan burada mərkəzi iştirakçı kimi çıxış edərək özünün beynəlxalq nüfuzunu - yeni Orta güc statusunu növbəti dəfə sərgiləyib. Prezident İlham Əliyev mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib. Bir həftə sonra - mayın 28-də Laçında Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Zirvə toplantısı baş tutub. İyulun 4-də isə Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Bu tədbirlərdən ikisi Azərbaycanda reallaşıb, digər birində isə müzakirə edilən və TDT liderlərinin gündəmində olan məsələlər baxımından ölkəmizin mərkəzi statusu növbəti dəfə aktuallığını nümayiş etdirib.
Türk dünyasının logistik mərkəzi
İstənilən beynəlxalq təşkilatın fəaliyyəti çərçivəsində keçirilən qeyri-rəsmi zirvə toplantıları qurumda müzakirəyə çıxarılacaq mövzu və problemlər ətrafındakı diskussiya üçün əlverişli fürsət hesab olunur. Dövlət başçılarının bir araya gələrək qeyri-rəsmi şəraitdə ətrafında fikir mübadiləsi apardıqları məsələlər sonradan təşkilatın rəsmi gündəliyinə çıxarılır. Hazırda TDT dövlətləri üçün mərkəzi mövzu Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qələbə qazanmasından və ərazi bütövlüyünü təmin etməsindən sonra Cənubi Qafqaz və Orta Asiya regionları üçün iri layihələrdə iştiak imkanlarının genişlənməsindən doğan reallıqdır. Bu böyük coğrafiya qlobal logistika şəbəkəsinin mərkəzi bəndinə çevrilməkdədir və həmin prosesdə Azərbaycanın əlahiddə rolunu və çəkisini danmaq mümkünsüzdür.
"Şərq-Qərb" ticarət və nəqliyyat sistemi müstəvisində izlədiyimiz qeyri-sabit siyasi vəziyyət dünyanın diqqətinin bu iki iri coğrafiyaya - Cənubi Qafqaza və Mərkəzi Asiyaya yönəltməsinə səbəb olub. Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına neqativ təsiri və ənənəvi logistik marşrutların aktuallığını itirməsi baxımından törətdiyi fəsadların aradan qaldırılması uzun illər tələb edəcək. O da ki, müharibənin başa çatacağı təqdirdə. Göründüyü kimi, bu istiqamətdə hər hansı müsbət gözləntiyə dair kiçik də olsa ehtimal yoxdur.
Ötən ay İsraillə İran arasında baş verən 12 günlük münaqişə özünün dağıdıcılığı ilə həm də Azərbaycanın cənubundan keçən nəqliyyat dəhlizlərinin həssas durumunu nümayiş etdirdi. İranın Hörmüz boğazından beynəlxalq yük daşınmasına tətbiq edə biləcəyi istənilən məhdudiyyət dünya iqtisadiyyatı üçün dağıdıcı ağırlaşmalarla nəticələnə bilərdi. Hazırda bu istiqamətdə dünya neft tədarükünün ən azı 30 faizi daşınır.
Bu iki hadisə göstərir ki, Azərbaycanın uzun illər təşviq etdiyi və suverenliyini bərpa edərək qlobal logistik layihənin yolunu açdığı Çin-Orta Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Avropa xəttinin dünya ticarət daşıyıcılığı şəbəkəsindəki rolu danılmazdır. Bu transmilli prosesin keçdiyi coğrafiyada türk dövlətlərinin mərkəzi mövqeyə malik olmaları TDT-nin tədbirlərində əsas müzakirə mövzusu kimi çıxış etməsini labüd edir.
Bakının bu qobal prosesdəki xüsusi rolu olkəmizin təkcə coğrafi baxımdan cərəyan edən hadisələrin mərkəzi bəndi kimi çıxış etməsi ilə məhdudlaşmır. Birincisi, Azərbaycanın xüsusi statusu dövlətimizin uzun illər boyu bu nəqliyyat-ticarət xəttini təşviq etməsi ilə bağlıdır. Hələ ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyev "Tarixi İpək yolu" konsepsiyasının reallıqda sınaqdan çıxarılması üçün bir sıra təşəbbüslərlə çıxış etmişdi. Hətta Bakıda Avropa İttifaqının yaxın iştirakı ilə TRASEKA layihəsi çərçivəsində iri beynəlxalq tədbir reallaşmışdı. İkinci bir tərəfdən isə bütün dünya qəbul etməlidir ki, hazırda Orta dəhliz adını almış, həm maliyyə, həm də vaxt qənaətinə səbəb olacaq yeni marşrutun real görüntü alması məhz Azərbaycanın 30 illik erməni işğalına son qoyaraq bölgənin qapılarını beynəlxalq yük daşınmaları kimi qlobal prosesə açması nəticəsində mümkün olub.
Yeni strateji üçbucaq
Bu il mayın 28-də Ermənistan işğalından azad edilmiş daha bir bölgəmiz olan Laçında baş tutan nöbvəti hadisə də regional geosiyasət və qüvvələr balansı baxımından az əhəmiyyət kəsb etmir. Söhbət Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında reallaşan Zirvə görüşündən gedir. Bu görüş Asiya və Avropanın kəsişməsində yeni strateji blokun formalaşması istiqamətində həyata keçirilən tədbirlərin növbəti mərhələsi də hesab oluna bilər. Şərqdə Çinlə, Qərbdə isə Avropa İttifaqının sərhədləri ilə qonşuluqda olan iri regionu əhatə edən bu strateji müttəfiqliyin mərkəzi rolunda yenə də Azərbaycan çıxış edir. Həm coğrafi, həm də irəli sürülən təşəbbüslər baxımından.
Rəsmi Bakı Türkiyə və Pakistanın da iştirak etdiyi bu ciddi siyasi və hərbi-strateji əsasları olan müttəfiqliyin formalaşdırılmasında oynadığı rolla regionumuzda yeni, keyfiyyətcə tamamilə fərqli təhlükəsizlik arxitekturasının qurulmasında əvəzedilməz tarixi missiyanın əsas tərəfi qismində çıxış edir. Pakistan yerləşdiyi regionun danılmaz hərbi gücü olmaqla yanaşı, həm də nüvə dövlətidir. Bir müddət öncə Hindistanın təxribatları ilə meydana çıxan gərginlikdə bütün dünya Pakistanın sarsılmaz hərbi qüdrətini seyr etdi.
Bu strateji müttəfiqliyin qərbində yerləşən Türkiyə gündən-günə artan geosiyasi nüfuzu ilə iri güc mərkəzi mövqeyindən çıxış edir. Türkiyə NATO üzvü olmaqla yanaşı, müstəqil xarici siyasət yürüdərək regional və daha geniş coğrafiyalı proseslərə öz həlledici təsirini göstərir. Ankara NATO-da say etibarilə ikinci ən böyük orduya malikdir. Eyni zamanda Türkiyənin hərbi sənayesinin son illər ərzindəki inkişafı onun hərbi-siyasi qüdrətinin daha da artmasına səbəb olur.
O ki qaldı Azərbaycana, dövlətimizin 44 günlük müharibədəki parlaq qələbəsindən sonra dünyada artan çəkisi, Orta güc statusuna yiyələnməsi təsir gücü arealının yerləşdiyimiz bölgənin hüdudlarından kənarlaradək genişlənməsi beynəlxalq aktor kimi çıxış etməsinə səbəb olur. Bütün bu amillər onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə-Pakistan üçbucağı qarşıdakı illərdə yerləşdiyimiz coğrafiyada sözünü deyə bilən əsas siyasi və hərbi amilə, əməkdaşlıq formatına çevriləcək.
Xankəndi - sülh və əməkdaşlıq mərkəzi
İyulun 4-də Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın islam və türk dünyasındakı yerini və rolunu daha da möhkəmləndirdi. 1985-ci ildə İran, Türkiyə və Pakistanın təşəbbüsü ilə yaradılmış bu təşkilat hazırda islam və türk dünyası dövlətlərinin birgə fəaliyyəti və iqtisadi əməkdaşlığı baxımından ciddi rol oynayan beynəlxalq platformadır.
Azərbaycan bu qurumdakı iştirakına olduqca ciddi önəm verir. Təsadüfi deyildir ki, Xankəndidə baş tutan Zirvə toplantısı Azərbaycanın evsahibliyi etdiyi və ECO çərçivəsində keçirilən ilk tədbir deyil. Bununla belə, 17-ci Zirvə görüşünün ölkəmiz və bütövlükdə regionumuz üçün məxsusi önəmi oldu - tədbir Qarabağda keçirilirdi.
Azərbaycan belə bir iri beynəlxalq tədbiri məhz Xankəndidə gerçəkləşdirməklə dünyaya olduqca güclü siyasi mesaj yolladı. İllərboyu bir sıra dünya dövlətləri, siyasi mərkəzlər və beynəlxalq institutlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına nəinki göz yumur, hətta bu qəsbkarlıq siyasətinə haqq qazandıraraq onu ört-basdır edir, Bakını "baş vermiş fakt"la razılaşmağa məcbur qoymağa çalışırdılar. Nəticə nə oldu? İllərboyu davam edən dağıntı, təcrid, iqtisadi tənəzzül və safalət. İndi isə Azərbaycan bütün dünyaya bu torpaqların tarixən və mənəvi baxımdan kimə məxsus olduğunu təkcə ərazilərinə hakim olmaqla deyil, burada həyata keçirilən geniş abadlıq və quruculuq işləri ilə də sübut edir. Xankəndidə baş tutmuş zirvə toplantısı bütün dünya üçün 30 il ərzində burada nələrin baş verdiyini görmək baxımından tarixi fürsət idi və şübhə yoxdur ki, bu kimi tədbirlər Qarabağda gələcəkdə də reallaşdırılacaq. Şahidi olduğumuz dağıntılar yalnız Ermənistanın deyil, həm də illərboyu onu müdafiə edən dövlətlərin məsuliyyətidir.
Azərbaycan Xankəndidən dünyaya növbəti dəfə sülh mesajını ünvanladı: kim ki, illərboyu Ermənistanın dağıdıcı siyasətinə dəstək verib Azərbaycanın həyata keçirdiyi miqyaslı bərpa işlərinə tamaşa etsin və Qarabağın kimə məxsusluğu barədə nəticə çıxarsın. Bu quruculuq təkcə Azərbaycan üçün deyil, bütün bölgə və daha geniş anlamda dünya üçün lazımdır. Çünki bu gün dünyanın iqtisadi nəbzi məhz bu bölgədə döyünür.
İradə ƏLİYEVA,
"Azərbaycan"