Ankara, 16 iyul, AZƏRTAC
“Terrorsuz Türkiyə” hədəfinin reallaşması bütövlükdə bölgədə terror təhlükəsinin aradan qaldırılmasına yol açacaq. Türkiyə çoxqütblü dünyada layiqli yerini tutacaq və ölkəmizin güc mərkəzlərindən birinə çevriləcəyinə qətiyyən şübhə etmirəm. Xalqıma tam şəkildə inanıram.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə zorakı yolla hakimiyyəti ələ keçirmək cəhdlərinin qarşısının alınmasının ildönümündə deyib.
Türkiyə lideri demokratiyanı və ölkənin gələcəyini müdafiə edən bütün vətəndaşlara minnətdarlığını bildirib.
Prezident xatırladıb ki, 2016-cı il çevriliş cəhdi gecəsində onun çağırışı ilə on minlərlə insan küçə və meydanlara çıxıb, hava limanlarına toplaşaraq Fətullah Gülənin rəhbərlik etdiyi “Paralel dövlət” (FETÖ) terror təşkilatının planlarının qarşısını alıb.
“O gecə İstanbul, Bursa və digər şəhərlərdə məscidlərdə edilən dualar dost və qardaş ölkələrdə, Bakının, Qahirənin, İslamabad və Cakartanın, Sarayevo və Moqadişonun da olduğu geniş bir coğrafiyada eşidildi. Bütün bu ölkələrdə Türkiyə demokratiyasının qələbə sevinci bölüşüldü”, – deyə dövlət başçısı vurğulayıb.
Ərdoğanın sözlərinə görə, 15 iyul 2016-cı il hadisələri bir daha türk xalqının birliyini və həmrəyliyini göstərdi.
Türkiyə Prezidenti FETÖ-nün başçısı Fətullah Gülənin “Türkiyədən uzaqda çuxura atıldığını” da xüsusi qeyd edib.
“Gülənin qurduğu tələ xalqın qəhrəmanlığı ilə darmadağın edildi. 15 iyul hadisələri niyyətlərin əsl üzünü göstərən lakmus kağızı Türkiyə tarixində kritik mərhələlərdən biri oldu. Həmin gecə çevriliş cəhdini alqışlayanlar rüsvay oldular”, – deyə Prezident bildirib.
Ərdoğan Türkiyə Böyük Millət Məclisinin millət vəkillərinə də təşəkkür edərək, onların xalqla birlikdə ölkə demokratiyasını müdafiə etdiklərini xatırladıb.