Yay aylarında artan temperaturla birlikdə kondisionerlərə olan tələbat da kəskin şəkildə yüksəlir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, rahatlıq məqsədilə istifadə olunan bu cihazlar ətraf mühit üçün ciddi təhlükə yaradır.
"Bakuinfo" xəbər verir ki, Enerji sərfiyyatı və kimyəvi qazların havaya buraxılması baxımından kondisionerlər ekoloji baxımdan əlverişsiz texnologiya hesab olunur. Xüsusilə elektrik enerjisinin çox hissəsinin hələ də fosil yanacaqlardan əldə edildiyi ölkələrdə, kondisionerlərin istifadəsi istixana qazlarının emissiyasını daha da artırır.
Araşdırmalara əsasən, kondisioner temperaturunun hər 1 dərəcə aşağı salınması enerji sərfiyyatını təxminən 6% artırır. Bu isə qlobal iqlim dəyişikliyi ilə mübarizədə böyük maneə yaradır.
Hindistandan radikal addım: Temperatur 20 dərəcədən aşağı salınmayacaq
Dünyanın ən çox əhalisi olan ölkələrindən biri olan Hindistan, artan enerji tələbatının qarşısını almaq üçün diqqətçəkən qərar qəbul edib. Yeni qanun layihəsinə əsasən, ölkədə satılacaq bütün yeni kondisionerlərdə minimum temperatur 20°C ilə məhdudlaşdırılacaq.
Hazırda bir çox kondisionerdə temperatur 17 dərəcəyə qədər endirilə bilir. Lakin Hindistan Energetika Nazirliyi tərəfindən iyun ayında təqdim edilən yeni təkliflə bu limit yüksəldiləcək. Mütəxəssislər bildirirlər ki, temperaturun hər 1 dərəcə artırılması təxminən 6% enerji qənaəti deməkdir.
1.4 milyardlıq əhali üçün kiçik dəyişiklik – böyük nəticə
Hindistanda hər il 10-15 milyon yeni kondisioner satılır. Bu səbəbdən cəmi bir neçə dərəcəlik məhdudiyyət belə, ölkə miqyasında yüz minlərlə meqavatlıq enerji qənaətinə səbəb ola bilər.
Rəsmilər qeyd edir ki, bu qərar təkcə ətraf mühitin qorunması deyil, həm də ölkənin enerji infrastrukturu üzərindəki təzyiqi azaltmaq baxımından olduqca önəmlidir.
Hindistan dünyanın ən sürətlə böyüyən kondisioner bazarına sahibdir və bu artım enerji ehtiyatlarına ciddi təzyiq göstərir. Yeni qərarın istixana qazı emissiyalarını azaltmağa da müsbət təsir edəcəyi gözlənilir.
Vüsal