Fil Dişi Sahilinin sabiq müdafiəçisi Kolo Ture “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın məşqçilər korpusuna daxil edilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Yay aylarında ABŞ-da keçirilən Klublararası Dünya Çempionatında Qvardiolaya kömək edən 44 yaşlı mütəxəssis artıq daimi əsaslarla əsas komandanın məşqçilər heyətində çalışacaq.
Ture ötən mövsüm “Mançester Siti”nin U-18 komandasında baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərib. Klub rəhbərliyi onun akademiyada göstərdiyi uğurlu işləri və əsas komandadakı müvəqqəti çıxışını yüksək qiymətləndirərək bu addımı atıb.
Klubun idman direktoru Uqu Viana keçmiş futbolçunun əsas komandaya gətirilməsini belə dəyərləndirib:
“Kolo Ture kimi təcrübəli bir şəxsin əsas komandaya qoşulmasından məmnunuq. O, təkcə yüksək səviyyəli futbol təcrübəsi ilə yox, klubumuzla olan dərin bağlılığı və müsbət enerjisi ilə də fərqlənir. Yayda Qvardiola ilə gördüyü işlər, eləcə də U-18-lə qazandığı nəticələr onun bu vəzifəyə layiq olduğunu göstərdi.”
Qeyd edək ki, Kolo Ture 2009–2013-cü illərdə “Mançester Siti”nin formasını geyinib. O, bu müddətdə komanda ilə birlikdə İngiltərə Premyer Liqasının, FA Kubokunun və Superkubokun qalibi olub.