BAKI, 15 iyul. TELEQRAF
"Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətlərinə verilməsi ilə bağlı iddialar Bayden Administrasiyası dövründə Qərb mediasında tirajlanırdı. Düzdür, həmin vaxt bu məsələ rəsmi təsdiqini tapmadı. Görünür, indiki hökumət də bu ideyanı yenidən gündəmə gətirməyə çalışır".
Bu fikirləri Şahin Cəfərli Teleqraf-a Zəngəzur dəhlizinin ABŞ-ın özəl şirkətlərinə 100 illik icarəyə verilməsi barədə iddiaları şərh edərkən bildirib.
O qeyd edib ki, bu məsələ baş tutarsa, olduqca əhəmiyyətli hadisə olacaq:
“Məsələnin geosiyasi tərəfləri önəmlidir. Əgər ideya reallaşarsa, ABŞ-nin regiondakı təsiri daha da artacaq və müvafiq olaraq Rusiyanın təsiri minimuma enəcək. Bölgənin geosiyasi mənzərəsi radikal şəkildə dəyişəcək. Lakin bu, elə də asan məsələ deyil. Bir çox texniki detallar var ki, tərəflər arasında razılaşdırılmalıdır. Sual yaranır: əgər ABŞ şirkəti Zəngəzur nəqliyyat-kommunikasiya xəttlərinə nəzarəti üzərinə götürəcəksə, bu necə gerçəkləşdiriləcək? Azərbaycan-Ermənistan sərhədində nəzarət buraxılış məntəqələri qurulacaqmı? Əgər qurulacaqsa, buna kim nəzarət edəcək? Bunların hər biri öz həllini tapmalıdır. Əsas məsələlərdən biri də ABŞ nümayəndələrinin hansı ölkənin ərazisində yerləşməsi ilə bağlıdır. Təklifin detalları bizim üçün hələlik aydın deyil. Lakin Rusiya bunun baş tutmaması üçün bütün mümkün vasitələrdən istifadə edəcək”.
Ş.Cəfərli qeyd edib ki, əvvəlcə ideyanın gerçəkləşməsi üçün hər iki ölkə razılıq verməlidir:
“Əgər tərəflər razılığa gələrsə, digər məsələlərə də çıxış yolları tapmaq olar. Ermənistanın əsas narahatlığı ondan ibarətdir ki, bu xətt ölkənin suverenliyindən kənara çıxmasın və hüquqları təmin olunsun. Azərbaycan isə nəqliyyat xəttindən mümkün qədər maneəsiz istifadə etmək istəyir. Yəni dəhlizin statusunun Azərbaycandan Azərbaycana keçid şəklində olması Azərbaycanın əsas niyyətidir. Rəsmi Bakı ABŞ tərəfinin ölkə ərazisində yerləşməsini istəmir. Dediyim kimi, burada bir çox siyasi və texniki detallar var. Bunların həll edilməsi üçün hər iki tərəf iradə nümayiş etdirməlidir”.
Müsahib əlavə edib ki, bu layihə, həmçinin İranın da maraqlarına ziddir:
“Söhbət hərbi missiyadan getməsə də, İran bunu narahatlıqla qarşılayacaq. Ancaq rəsmi Tehranın Rusiyadan fərqli olaraq buna mane olmaq imkanı yoxdur. Rusiyanın Ermənistanda hərbi bazası var, kəşfiyyat nümayəndələri fəaliyyət göstərir. Son həftələrdə kilsə və Rusiyaya bağlı iş adamlarının aktivləşdiyini müşahidə edirik. Odur ki, Rusiyanın destabilizasiya yaratmaq imkanları hələ də qalır. Həmçinin İsrail də İran sərhədlərində mövqelərini gücləndirmək istəyir. Əgər ABŞ regiona gələcəksə, burada rəsmi Təl-Əvivin də qapalı iştirakı olacaq. Bu, onlar üçün münbit zəmin yaradacaq. Bu da öz növbəsində İranı narahat edir. İsrail, həmçinin maraqlıdır ki, bölgədəki enerji daşıyıcıları dünya bazarına maneəsiz çıxsın. Çünki onlar da buradan öz paylarını götürürlər”.