Bakı, 15 iyul, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Cəfər Nəcəfli ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri, Koordinasiya şuraları və həftəsonu məktəbləri barədə ətraflı məlumat verib. O, diaspor sahəsində həyata keçirilən strateji təşəbbüslər, eləcə də milli kimliyin qorunması və gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib.
Görüş çərçivəsində diaspor siyasətinin müxtəlif istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Cəfər Nəcəfli ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, əldə etdiyi bilik və təcrübənin peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis edilib. Müsabiqənin əsas məqsədi yüksək intellektual səviyyəyə və idarəçilik bacarıqlarına malik perspektivli rəhbər kadrların müəyyən olunması, onların dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının formalaşdırılmasıdır.