Azərbaycanı yeni mövsümdə Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” nigeriyalı legioneri Yusuf Laval ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə “qartallar”ın mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Zirə” Lavala xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
“Zirə” Lavalı 2024-cü ilin yayında heyətinə qatmış və onunla 2+1 illik müqavilə bağlamışdı. 27 yaşlı vinger paytaxt klubunun heyətində cəmi 10 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Xatırladaq ki, Yusuf Laval 2020-ci ilin iyul ayından 2023-cü ilin yanvarına qədər Azərbaycanda “Neftçi”nin də formasını geyinib. Həmin vaxt o, paytaxt klubunun heyətində meydana çıxdığı 88 oyunda 6 qol vurub, 19 məhsuldar ötürmə verib.
Laval daha öncə Portuqaliyanın “Aroka”, Belçikanın “Lokeren” klublarının da uğurları üçün çalışıb.
“Zirə” bu yay Rüstəm Əhmədzadə, Məqsəd İsayev və Pyer Zebli ilə də yollarını ayırmışdı. Paytaxt klubu gedənlərin əvəzində Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradov, Abdul Aziz Batibye və Vensan Till ilə güclənib. Ruan Renato, İsmayıl İbrahimli, Anar Nəzirov, Hacıağa Hacılı və Georgi Papunaşvili də yeni müqaviləyə imza atıblar.