
Fransanın yenilənmiş Milli Strateji İcmalına (RNS 2025) görə, 2030-cu ilə qədər Rusiyadan artan təhlükə səbəbindən Avropanın “ürəyində” genişmiqyaslı, yüksək intensivlikli müharibə başlaya bilər.
Reyting.az-ın xəbərinə görə, sənəddə yazılıb ki, hərbi münaqişə Fransa ərazisindən kənarda baş versə də, Parisin buna cəlb olunması mümkündür.
İddia olunur ki, yaxın 3-5 ildə Moldova, Balkanlar və ya NATO ölkələri təcavüzə məruz qala bilər.
Bununla yanaşı, Fransa üçün “ən böyük təhlükə” yaradan Rusiyanın son illər Avropa ölkələrinə qarşı “düşmənçilik və təxribat xarakterli hərəkətlərin” sayını artırmasıdır. İcmalda qeyd edildiyi kimi, Moskva casusluq və kiberhücumları gücləndirib, seçkilərə müdaxiləyə cəhd edir, ictimai rəyə təsir etməyə çalışır və Ukraynaya müttəfiqlərin dəstəyini zəiflətməyə çalışır.
Sənəddə vurğulanır ki, Avropa öz ərazisində mümkün hərbi münaqişəyə hazırlaşmalıdır. Qeyd olunur ki, Fransa və digər Avropa ölkələri özlərini daha yaxşı müdafiə etməli və qitədə Rusiyanın istənilən yeni təcavüzünün qarşısını almalıdırlar. Bu məqsədlə Avropaya müdafiə qabiliyyətini gücləndirmək üçün “strateji oyanış” təklif olunur.
Qeyd edək ki, Milli Strateji İcmal Fransanın Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyi tərəfindən hazırlanır. Sənəd Parisin göstərilən müddət üçün müdafiə strategiyasını müəyyən edir. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron ölkənin müdafiə büdcəsinin 2017-ci ilə nisbətən 2027-ci ilə qədər “ikiqat artacağını” bəyan etmişdi. O, payızda 2024-2030-cu illər üçün hərbi proqramlaşdırma haqqında qanunun "yenilənilməsini" təqdim edəcəyinə söz verib. Onun sözlərinə görə, düzəlişlər 2026-cı ildə müdafiə üçün əlavə 3,5 milyard avro, bir ildən sonra isə daha 3 milyard avronu nəzərdə tutur.
Makron vurğulayıb ki, avropalılar indi öz təhlükəsizliklərini təmin etməlidirlər. O, həmçinin əlavə edib ki, 1945-ci ildən bəri heç vaxt azadlıq bu qədər təhdid edilməyib.
E. KAMAL