Futbol üzrə Venesuela milli komandasının hücumçusu Freddi Varqas bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Neftçi” 26 yaşlı futbolçunu müqavilə ilə məxsus olduğu İsrailin “Makkabi” (Netanya) komandasından icarəyə götürüb.
“Ağ-qaralar” Varqasın bir mövsümlük icarəsi üçün İsrail klubuna 175 min avro ödəyiblər. Hücumçu 2026-cı ilin 30 iyununa qədər paytaxt təmsilçisində çıxış edəcək.
Freddi Varqas Venesuelanın “Deportivo Lara” klubunun yetirməsidir. “Dallas”, “Nord Texas”, “Metropolitanos”, “Makkabi” (Bney Reyne) kimi klublarda da oynamış futbolçu 2024-cü ilin yayından Netanya “Makkabi”sində çıxış edir. O, sözügedən komandanın heyətində 31 oyuna çıxıb, 4 qol və 8 assistlə yadda qalıb.
Venesuelanın U-20 yığmasında da oynamış Varqas 2021-ci ilin sentyabrında əsas millidə debüt edib. O, yığmada 3 oyuna çıxsa da, fərqlənə bilməyib.
Xatırladaq ki, “Neftçi” daha öncə Sessi D’Almeyda, Luis Ortis, Murad Xaçayev, Elvin Bədəlov, İqor Ribeyro və İmad Farajı da heyətinə qatmışdı. Qapıçı Emil Balayevlə yeni müqavilə imzalanıb. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç və İsmayıl Zülfüqarlı ilə də yollar ayrılıb.