“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Pablo Torre Kataloniya klubundan ayrılaraq “Malyorka”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə “Mayorka”nın mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi Kataloniya klubundan tamhüquqlu əsas transfer edilib. Tərəflər arasında 4 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
“Malyorka” bu transfer üçün “Barselona”ya 5 milyon avro ödəyib. Amma müqavilədə “Barselona”nın futbolçunu geri alma hüququnun olduğu da qeyd edilib. Torre gələcəkdə başqa bir kluba keçərsə, katalonlar satış məbləğinin müəyyən faizini əldə edəcəklər.
Pablo Torre futbola “Marina” klubunda qədəm qoyub və buradan Santander “Rasinq”inə keçib. “Barselona” Torreni 2022-ci ilin iyul ayında 5 milyon avro məbləğ müqabilində “Rasinq”dən tamhüquqlu keçid əsasında öz heyətinə qatmışdı. İspan futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Torrenin “Barselona” üçün çıxışının ümumi mənzərəsi 27 oyun 5 qol və 4 məhsudlar ötürmədən ibarətdir.
Pablo Torre İspaniyanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib, əsas yığmaya isə hələ dəvət almayıb.
Pablo Torrenin qənimətlər muzeyində “Barselona” ilə qazandığı 2022/2023 və 2024/2025-ci illər mövsümünün İspaniya La Liqası, İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var.
“Transfermarkt” internet-portalı 22 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
“Malyorka” bu yay “Çelsi”dən azad agent kimi ayrılmış finlandiyalı qapıçı Lukas Berqströmü də heyətinə qatıb. 22 yaşlı qolkiperlə müqavilənin müddəti barədə məlumat verilmir.
Lukas Berqström 2018-ci ildən “Çelsi”nin sıralarında idi. Finlandiyalı qolkiper bu müddətdə “Piterboro Yunayted” və “Brommapoykarna” kimi klublarda icarədə də olub. Finlandiyanın U-16, U-17, U-21 yığmalarında oynayıb, 2023-cü ildə isə əsas millidə debüt edib.
“Transfermarkt” internet-portalı 22 yaşlı qapıçının transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.
“Malyorka” kosovolu hücumçusu Vedat Muriqi ilə də yeni müqavilə bağlayıb. 31 yaşlı forvardın 2029-cu ilin 30 iyununadək bu klubda çıxış edəcəyi vurğulanıb.
Vedat Muriqi 2022-ci ildən “Malyorka”da çıxış edir. Təcrübəli hücumçu bu komandanın heyətində 118 oyuna çıxıb, 35 qol və 11 assist müəllifi olub.
Muriqi daha öncə Türkiyənin “Fənərbaxça”, “Girəsunspor”, “Gənclərbirliyi”, “Rizəspor” klublarında çıxış edib. O, “Latsio”, “Teuta”, “Besa” və “Liriya”da da forma geyinib.
Kosovo yığmasında 60 oyuna çıxmış hücumçu, 31 qola imza atıb, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.