Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “İnsana dəyər: Könüllü, təhlükəsiz, ləyaqətlə qayıdış” devizi ilə təqdimat keçirilib. 300-dən çox qonağın iştirak etdiyi tədbirdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görülən işlər barədə iştirakçılara məlumat verilib.
Tədbirdə qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıqla dəstək göstərdiyi bildirilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir.
Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış zamanı keçmiş məcburi köçkünlər üçün rahat və təhlükəsiz yaşayış şəraiti yaradılmaqla yanaşı, məşğulluğunun təmin edilməsi də ön plandadır. İşğaldan azad edilən ərazilərin yenidənqurulması zamanı müxtəlif müəssisələr istifadəyə verilir ki, bunlar da geri qayıdan sakinlərin məşğulluğuna dəstək olur. Dövlət Komitəsi də doğma yurda qayıdış prosesində məcburi köçkünlərin məşğulluq məsələlərinin həll olunmasına dəstək verir.
Tədbirdə məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə könüllü və təhlükəsiz geri dönüşünü təşviq etmək məqsədilə Dövlət Komitəsi tərəfindən hazırlanmış müxtəlif təbliğat-izahat xarakterli videoçarxlar nümayiş etdirilib. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan video-materiallarda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin həyat şəraiti, eləcə də Böyük Qayıdış prosesinin mühüm tərəfləri əhatəli şəkildə təqdim olunub.