AZ

Renat Dadaşov Polşada özünə yeni klub tapdı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşada özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçu bu ölkənin “Motor” (Lyublin) klubuna keçib.

Bu barədə Polşa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Dadaşov yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Renat “Motor”un rəsmi saytına açıqlamasında transferi ilə bağlı bunları söyləyib:

“Motor”a qoşulduğum üçün çox şadam. Səbrsizliklə yeni mövsümün başlamasını gözləyirəm. Ümid edirəm ki, yeni mövsüm bizim üçün uğurlu olacaq. Eşitmişəm ki, ilk oyunumuzda anşlaq gözlənilir. Ona görə də həmin günü səbrsizliklə gözləyəcəyəm”.

Qeyd edək ki, “Motor” Polşanın əsas liqasında – Ekstraklasada mübarizə aparır.

Xatırladaq ki, Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk etmişdi.

Dadaşov “Radomyak”a bu ilin mart ayında Türkiyənin “Ankaragücü” klubundan azad agent kimi keçmişdi. Renat “Radomyak”da keçirdiyi 12 oyunda 2 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 36 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
29
arena.az

1Mənbələr