AZ

Bakıda 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Bakı, 15 iyui,AZƏRTAC

Türkiyənin Azərbaycandakı səfirliyində 15 İyul - Demokratiya və Milli Birlik Gününün 9-cu ili ilə əlaqədar tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın xarici işlər nazirinin müavini, səfirliyin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir 9 il öncə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər Türkiyə xalqının ölkəni və milləti qorumaq üçün canından keçməyə hazır olduğunu vurğulayıblar. Həmçinin həmin vaxt Azərbaycanın qardaş ölkəyə dəstəyi xatırlanıb, iki ölkə arasındakı münasibətlərdən söz açılıb.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib ki, 15 İyul - Demokratiya və Milli Birlik Günü önəmli dönüş nöqtəsi olub: "Xain çevrilişə cəhd zamanı Prezident İlham Əliyevin sözləri ilə can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq. Bu böyük mübarizəni gələcək nəsillərə ötürməyimiz çox mühümdür. 15 İyul qəhrəmanları canları bahasına türk millətinin birlik və bərabərliyindən imtina etməyəcəklərini qəti şəkildə bir daha ortaya qoydular".

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər yüksək xətlə inkişaf edir: "Şuşa Bəyənnaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bəyənnamə əlaqələrimizin hərtərəfli inkişafı üçün yol xəritəsidir. Bu sənəd müttəfiqlik münasibətlərimizin dərinləşməsi və genişlənməsi üçün zəmin yaradır. Ölkələrimiz arasında fəal siyasi münasibətlər davam edir".

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Əhliman Əmiraslanov iki ölkə arasındakı qardaşlıq və dostluq əlaqələrinin zirvədə olduğunu bildirib: "Ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələri münasibətlərin genişmiqyaslı inkişafına imkan yaradır. 44 günlük Vətən müharibəsində başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyə Azərbaycanın yanında olub. Şuşa Bəyannaməsi Türkiyə ilə strateji müttəfiqliyimizi bütün dünyaya bəyan edib".

Tədbirdə Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı videoçarxlar nümayiş olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

 

 

Seçilən
26
1
azertag.az

2Mənbələr