Qazax istiqamətində Bakıya gələn avtomobil yolda alışaraq yanıb.
Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Hadisə ilə bağlı Oxu.Az-a Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlama verib:
“Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun 148-ci kilometrliyində Göygöl rayon sakini Emil Abbasovun idarə etdiyi 99-ON-983 dövlət nömrə nişanlı “KIA Optima” markalı avtomobil yanıb. Sürücünün bildirdiyinə görə, Bakı istiqamətində hərəkətdə olarkən avtomobildə əvvəlcə tüstülənmə qeydə alınıb. Sürücü avtomobili yoldan kənara çəkib. Bu zaman nəqliyyat vasitəsində alışma baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanaraq sıradan çıxıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb”.
BDYPİ rəsmisi vurğulayıb, digər sürücülər bu hadisədən nəticə çıxararaq diqqətli olmalıdırlar:
“Baş Dövlət Yol Polisi İdarəsi ötən günlərlə müqayisədə havanın daha isti keçdiyini nəzərə alaraq sürücülərdən uzaq səfərə çıxarkən avtomobillərinin texniki nəzarətdə saxlamalarını, texniki təhlükəsizlik baxımından istifadəyə yararsız olan nəqliyyat vasitəsilə yola çıxmamağı, avtomobildə nasazlıq hiss edildiyi təqdirdə öncədən texniki servislərə müraciət etmələrini, özlərini və digər hərəkət iştirakçılarının sağlamlığını təhlükə atmamalarını xahiş edir”.