ABŞ prezidenti Donald Tramp bildirib ki, FIFA Klub Dünya Kubokunun əsli onun Dəyirmi iş otağındadır (Oval Office).
Arena.az HRB nəşrinin DAZN şəbəkəsinə istinadı əsasında məlumat verir ki, Tramp bu baradə maraqlı açıqlama verib:
“Onlar (FIFA təmsilçiləri – redaktorun qeydi) dedilər: “Siz kuboku bir qədər saxlaya bilərsinizmi?” Biz də onu Dəyirmi iş otağına qoyduq. Sonra isə mən soruşdum: “Siz onu nə vaxt götürəcəksiniz?” – və o (FIFA-nın prezeidenti Canni İnfantino – redaktorun qeydi), dedi: “Götürməyəcəyik. O sizdə həmişəlik qala bilər, biz yenisini düzəldəcəyik”. Onlar həqiqətən də təzəsini düzəltdilər. Odur ki, bu, bir qədər həyəcanlı idi, amma indi o Dəyirmi iş otağındadır”, deyə Tramp vurğulayıb.
Xatırladaq ki, ABŞ-da keçirilmiş 2025-ci il FIFA Klub Dünya Kubokunun qalibi “Çelsi” olub. “Zadəganlar” final oyununda Fransa nəhəngi PSJ-ni 3:0 hesabı ilə məğlub ediblər.