
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın Beka vadisində şiə “Hizbullah” hərəkatının hərbi qanadı olan Radvan xüsusi qüvvələrinin hərbi düşərgələrinə zərbələr endirib.
Reyting.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri bu yaxınlarda Livanın Beka bölgəsində “Hizbullah” terror təşkilatının bir neçə hədəfinə zərbələr endirib. Zərbələr zamanı Radvan düşərgələrinə hücum olub, burada yaraqlılar və silahların saxlandığı anbarlar müəyyən edilib”,- deyə İDF sözçüsü bildirib.
İsrail hərbçilərinin sözlərinə görə, hücuma məruz qalan hərbi düşərgələrdən “Hizbullah” təlim keçmək və yaraqlıları İsrail dövlətinə qarşı terror əməliyyatlarına hazırlamaq üçün istifadə edib.
“Təlim və hazırlıq çərçivəsində radikallar müxtəlif növ silahlardan istifadə üzrə atış və təlimlər keçiblər”,- deyə məlumatda bildirilir.
İsrail ordusu vurğulayıb ki, silahların saxlanması və “Hizbullah” terror təşkilatının hücuma məruz qalan ərazilərdə fəaliyyəti İsrail və Livan arasında atəşkəs haqqında razılaşmaların kobud şəkildə pozulmasıdır. İsrail ordusu bəyan edib ki, “Hizbullah” təşkilatının potensialının bərpasının qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək.
ELÇİN