ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) əməkdaşı Ukraynadakı vəziyyətlə bağlı məxfi məlumatları tanışlıq saytı vasitəsilə bir qadına ötürüb və bu əməlini etiraf edib.
Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi ABŞ Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
İstintaqın məlumatına görə, həmin şəxs Nebraska ştatındakı Hərbi Hava Qüvvələri bazasında xidməti vəzifələrinin bir hissəsi kimi məxfi məlumatlara çıxış əldə edib. O, onlayn rejimdə özünü Ukrayna vətəndaşı kimi təqdim edən bir qadına Rusiyanın hərbi hədəfləri və imkanları barədə məlumat verib.
Razılaşmanın bir hissəsi kimi, müttəhim 5 ildən 7 ilə qədər həbs cəzası ilə razılaşıb. Hökm oktyabrda çıxarılacaq.
ABŞ səlahiyyətliləri vurğulayıblar ki, o, xidmət təcrübəsinə və dövlət sirlərinə çıxış imkanlarına baxmayaraq, bilərəkdən qanunu pozub və ölkənin milli təhlükəsizliyini təhlükə altına alıb.
Bəxtiyar CƏFƏRLİ