AZ

"Birgə səfərlərin əhəmiyyəti olduqca böyükdür" - RƏY

"Bu gün Azərbaycanda yeni dövrün, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra paralel şəkildə yeni siyasi konfiqurasiyanın formalaşdırılması prosesində də dəyişikliklərin şahidi oluruq". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Vətən müharibəsində ölkədə fəaliyyət göstərən siyasi partiyaların bir-ikisi istisna olmaqla hamısının dövlətin ətrafında sıx birləşməsi, hakimiyyətin atdığı adımları dəstəkləməsi ölkədəki yeni siyasi konfiqurasiyanın formalaşmasına da olan münasibəti göstərir:

"Nəzərə alaq ki, 2018-ci ildə növbədənkənar prezident seçkilərində qalib gəlmiş Prezident İlham Əliyev ölkədə yeni siyasi konfiqurasiyanın qurulması ilə bağlı anonslar vermişdi. Dövlət başçısı ölkə üzrə qanunvericilik, məhkəmə və icra hakimiyyəti səhəsində keçirilən islahatların istiqamətlərini müəyyənləşdirmişdi".

377770

Ekspert vurğulayıb ki, bu islahatlardan biri də Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması idi:

"Əslində adından da göründüyü kimi bu şöbənin əsas istiqamətləri ölkədə yürüdülən siyasətin siyasi partiyalarla bağlı olan istiqaməti və ilk dəfə parlamentlə əlaqələr şöbəsinin fəaliyyəti ilə əlaqədar idi. 

Təbii ki, Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin istiqamətlərindən biri də ölkədə "Siyasi partiyalar" haqqında qanunun yenilənməsi, siyasi partiyalarla təmasların qurulması oldu. Eyni zamanda, bu şöbənin əsas vəzifələrindən biri də siyasi partiyalar və dövlətin mövcud siyasi problemlərlə bağlı müzakirələri üçün münbit şəraitin yaradılması idi".

Xəyal Bəşirov qeyd edib ki, həmin şöbənin təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərin təşkil edilməsi də böyük əhəmiyyət daşıyır:

"Artıq Qarabağa 8 belə səfər təşkil olunub. Bu səfərlərdə siyasi partiya və media qurumlarının rəhbərləri, eyni zamanda ölkədə fəaliyyət göstərən siyasi ekspertlər və politoloqlar iştirak edib. Mən də səfər iştirakçılarından olmuşam. 

Siyasi proseslərdə aktiv iştirak edən şəxslərin bir yerə toplanması olduqca mühümdür. Torpaqlarımızın 30 ildən sonra işğaldan azad edilməsi nəticəsində artıq orada quruculuq və bərpa işlərinə start verilib. Biz də səfərlər zamanı Qarabağda aparılan quruculuq işlərini yerində müşahidə edirik".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu səfərlər fikir mübadiləsinin aparılması və təmaslarının təşkil edilməsi baxımdan da önəmlidir:

"Bu, bir daha ondan xəbər verir ki, ölkə, xalq, millət və dövlət üçün ümumi milli problemlər insanları müxalifət və ya iqtidar cəhbəsində bölməməlidir. Bu məsələlər eyni hədəfə ümumi prizmadan yanaşmanı tələb edir. Düşünürəm ki, bu baxımdan belə birgə səfərlərin təşkil edilməsi çox önəmlidir və davam etdirilməlidir".

Mütəxəssis sözlərini belə yekunlaşdırıb:

"Artıq Ağdam, Şuşa, Zəngilan, Xocalı, Əsgəran, Xankəndi, Laçın və Cəbrayıla birgə səfərlər təşkil olunub. Onların bəzilərinə bir neçə dəfə getmişik. Birgə səfərlər yeni siyasi konfiqurasiyanın formalaşılması baxımından Azərbaycan dövləti üçün önəm kəsb edən amillərdən biridir. 

Hesab edirəm ki, bu, önəmli və əhmiyyətli prosesdir. Ölkənin yeni siyasi konfiqurasiyasının formalaşmasında, həmin konfiqurasiyada iştirak edəcək tərəflərin ümumi mövzularda birlik nümayiş etdirməsi təqdirəlayiqdir".

Pərviz

Seçilən
0
hit.az

1Mənbələr