BAKI, 15 iyul. TELEQRAF.
Rusiyaya işləməkdə və Milli Təhlükəsizlik Qanununu pozmaqda ittiham olunan britaniyalı Hovard Maykl Fillips İsrailin maraqlarına uyğun hərəkət etdiyini bildirib.
Teleqraf xəbər verir ki, İngiltərənin Vinçester şəhərində Kral Məhkəməsində keçirilən növbəti dinləmələrdən sonra “The Guardian” nəşri bu barədə məlumat yayıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şepps haqqında şəxsi məlumat toplayıb və daha sonra onları “tələyə salıb” ifşa etmək üçün Rusiya kəşfiyyatının məmurlarına təhvil vermək niyyətində idi. Əslən yəhudi olan Fillips qeyd edib ki, bu yolla Qəzza əməliyyatı ilə bağlı İsrail haqqında mənfi fikirlər səsləndirən ingilis mediasında israillilərin imicini yaxşılığa doğru dəyişmək üçün İsrail hakimiyyətinə kömək etmək istəyib.
O deyib: "Öz-özümə düşündüm ki, agenti ifşa edə bilsəm, bu məlumatı israillilərə ötürə və bununla da onlara fayda verə bilərəm. Çünki o zaman media İsrailin Britaniyaya kömək etdiyini yazmağa məcbur olacaq".
Fillips rus kəşfiyyatçıları ilə əlaqə saxlamazdan əvvəl Rusiyaya qarşı "çox mənfi" münasibət bəslədiyini bildirib.
O əlavə edib ki, Rusiya səfirliyinə məktub göndərdikdən sonra ilk dəfə 2024-cü ilin martında Rusiya kəşfiyyatının agentləri ilə əlaqə saxlayıb: “Sadəcə məktub yazdım ki, məndə Şapps haqqında məlumat var və onlar maraqlansalar, mənimlə əlaqə saxlaya bilərlər”.
Fillips eyni zamanda 2024-cü ildə İran və Çin səfirliklərinə də oxşar məktublar göndərib. O, niyyətini belə izah edib: "Düşmən kimi qəbul etdiyim əcnəbi agentləri tələyə salıb ifşa etmək istəyirdim".
Qeyd edək ki, Fillips Rusiya kəşfiyyatının nümayəndələri olduğuna inandığı “Dima” və “Saşa” adlı iki agentlə əlaqə saxlayıb . Əslində, onlar Britaniya məxfi polisləri olub. Həmin şəxs onlara ödəniş müqabilində 2023-cü il avqustun sonundan 2024-cü ilin iyuluna qədər müdafiə naziri vəzifəsində çalışmış Şappsın şəxsi təyyarəsinin telefon nömrəsi və detalları barədə məlumat verəcəyini vəd edib. Ötən ilin mayında təqsirləndirilən şəxs müdafiə şöbəsinin rəisi haqqında məlumatları Londondakı agent "Saşaya" ötürmək niyyətində olub, lakin imkan tapmayıb - onu həbs ediblər.
Nəşr onu da bildirir ki, Fillips məxfi məlumatlara çıxış əldə etmək üçün Britaniya Sərhəd Xidmətində işə düzəlmək istəyib.
64 yaşlı Hovard Maykl Fillips 2024-cü il mayın 16-daRusiyaya casusluq etməkdə şübhəli bilinərək Londonda saxlanılıb.