"Nikol Paşinyanın kilsəyə və katolikosa qarşı elan etdiyi müharibə yeni mərhələyə qədəm qoyub: uzun sükutdan sonra din xadimləri əks-hücuma keçib. Paşinyanın patriarxlığa basqın edilməsi ilə bağlı bəyanatından sonra son günlər kilsə nümayəndələri növbə ilə çıxışlarını əks etdirən videolar çəkirlər. Burada onlar katolikosa, hakimiyyətin kisəyə qarşı elan etdiyi kampaniyanı tənqid edirlər”. Bu məlumat Ermənistanın “Qraparak” qəzetində yer alıb.
Nəşr daha sonra yazır: “Keşiş Ararat Poqosyan məsələ ilə bağlı bildirib: “Katolikos adını rədd edən birini rədd edirik. Erməni patriarxı inzibati deyil, bənzətmədir, Tanrı tərəfindən seçilmiş və xeyir-dua verən ruhani liderdir. Ona görə də onun şəxsiyyətinə və ya nüfuzuna qarşı hər hansı hörmətsizlik təkcə katolikoslara deyil, həm də kilsəyə, erməni millətinə və Tanrıya hörmətsizlik kimi qəbul edilir. Müqəddəs Eçmiədzinin ana taxtında qəbul edilən şəxs Müqəddəs Eçmiədzinə xəyanət edə bilməz... Həzrətləri hakimiyyətin katolikosu deyil, bütün ermənilərin katolikosudur”. Əldə etdiyimiz məlumata görə, kilsənin nümayəndələri gündəlik olaraq öz səhifələrində katolikosların ruhanilərin dəstəyini aldığını göstərən videolar çəkəcək və dərc edəcəklər, hakimiyyətin kampaniyası isə davam edəcək”. “Qraparak” yazır ki, baş vrənlər din xadimləri ilə hakimiyyət arasında qarşıdumanının yen mərhələyə daxil olmasını və daha da dərinləşməsini göstərir. Bu arada gözləntilərə görə, keşişlər Nikol Paşinyan hakimiyyətinə qarşı mübarizədə Rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun sahibi, hazırda həbsdə olan Samvel Karapetyana hər cür dəstək verəcəklər. Samvel Karapetyan özü isə bildirib: “Bizim siyasi komandamızın formalaşmasına başlanılıb. Mən bu günə kimi Nikol Paşinyan hökumətinin antimilli siyasətinə qarşı real mübarizə aparan siyasi qüvvələrə və xadimlərə böyük hörmətlə yanaşıram. Amma bizim Ermənistan üçün yaxşı gələcək qurmaq baxımından öz baxışımız var. Və biz öz yolumuzla, yeni komandamızla, həmfikirlərlə daxili siyasi əməkdaşlığı istisna etmədən gedəcəyik. Hətta bugünkü rejimin müxtəlif çevrələrində belə, kiçik qrupun dəyərlərini bölüşməyən əsl peşəkarlar var, lakin onlar mövcud vəziyyətdən çıxış yolu hesab edəcəkləri yolu hələ də görmürlər”. Xatırladaq ki, kilsəni müdafiə edən bəyanatdan sonra rusiyalı iş adamı Samvel Karapetyan hakimiyyəti zorakılıqla ələ keçirməyə çağırış ittihamı ilə həbs edilib . Mütəmadi olaraq təkadamlıq kameradan mesajlar göndərən bu şəxs iyulun 4-də də konkret siyasi prosesə başlamaqdan danışıb. Nikol Paşinyan və hökumətinin Ermənistanda işi olmadığını vurğulayan Samvel Karapetyan yeni qüvvənin formalaşdığını və onun ətrafında hakimiyyətin cəmləndiyini açıqlayıb.
Baş verənlərlə bağlı Ermənistanın “Past” qəzeti yazır ki, son vaxtlar yeni qüvvələrin birləşməsi zərurətindən çox danışılır: “İyulun 4-də minlərlə insan Milli Təhlükəsizlik Xidmətinə yürüş edən zaman həbsdə olan iş adamı Samvel Karapetyanın bəyanatı oxunub, orada xüsusilə bu ifadələr yer alıb: “Əsaslı yeni qüvvə ətrafında birləşməyin, vahid yumruğa çevrilməyin vaxtı gəlib çatıb”. Belə bir fikir də var ki, Samvel Karapetyan bu gün Ermənistanın yeni liderlərə, yeni xarizmatik fiqurlara ehtiyacı olduğunu nəzərdə tutub. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, son vaxtlar yeni qüvvələrin birləşməsi zərurətindən çox danışılır. Üstəlik, bir neçə ay əvvəl hərəkatın lideri Arman Vardanyanın təmsil olunduğu “Birlik” ümumxalq hərəkatı onları birləşdirmək və yeni gündəm irəli sürmək təşəbbüsü ilə çıxış edib və bunun ardınca artıq çoxsaylı ictimai, siyasi, mədəni və digər sahələrin nümayəndələri ilə bir sıra konsolidasiya görüşləri keçirilib.
Məntiq məhz “yeni qüvvələrin”, “yeni insanların” cəlb edilməsində və onların fəal siyasətdə ciddi rolunun prioritetliyindədir. Bu təşəbbüslər, görüşlər barədə mətbuatda dəfələrlə qeyd olunub, parlamentin istiqlalçı deputatları da bu barədə danışıblar. Karapetyanın elan etdiyi “yeni qüvvələr”lə mövcud birləşmələrin, xüsusən də artıq bu ideyanı irəli sürmüş “Birlik” hərəkatının nə qədər ardıcıl olduğunu zaman göstərəcək. Amma bütün bunların nəticəsindən asılı olmayaraq, hazırda əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan və onun hökuməti yeni gündəm ətrafında yeni qüvvələrin birləşməsi ehtimalından ciddi narahatdırlar”. Onu da qeyd edək ki, kilsə bu gün Ermənistanda təkcə dini deyil, həm də siyasi-ictimai qüvvə kimi çıxış edir. Bu isə demokratik və dünyəvi sistem qurmağa çalışan bir ölkə üçün ziddiyyətli və təhlükəli tendensiyadır. İctimaiyyətə açıq şəkildə müraciətlər ünvanlanması, hökumətə qarşı etiraz bəyanatlarının yayılması, hətta Baqrat Qalstanyan və Mikael Acapaxyan kimi arxiyepiskopların konkret siyasi düşərgələrlə bir sırada çıxış etməsi kilsənin müstəqil dini qurum statusuna ciddi zərbə vurur. Elə bu fonda hakmiyyətə təsir üçün kilsə indi də siyasi proseslərə fəal müdaxilə edir. Ruhanilər açıq şəkildə siyasi ritorika ilə çıxış edir, bəzi hallarda isə hökumətin etdiyi sosial və iqtisadi islahatları təhrif olunmuş formada təqdim edirlər. Hakimiyyət bu fonda keşişlərə müxalif qüvvə kimi yanaşır.
Samirə SƏFƏROVA