BAKI, 14 iyul. TELEQRAF
İspaniyanın “Real Madrid” komandası ilə 6 dəfə Çempionlar Liqasının qalibi, xorvatiyalı Luka Modriç İtaliyanın “Milan” klubu ilə müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təcrübəli futbolçu ilə müqavilə bir illikdir. İyulun 9-da Modriç “Real Madrid”in heyətində son oyununu keçirib. İspanlar klublararası dünya çempionatının yarımfinalında Fransanın PSJ klubuna uduzub (0:4).
Yada salaq ki, 39 yaşlı Modriç 2012-ci ilin yayından "Real"da çıxış edirdi. O, 2018-ci ildə “France Football” nəşrininn ilin ən yaxşı oyunçusuna verdiyi “Qızıl Top”a yiyələnib. Futbolçu karyerası ərzində İngiltərənin "Tottenhem" və Xorvatiyanın "Dinamo Zaqreb" klublarının da çıxış edib.
Modriç Xorvatiya millisində 188 oyun keçirib və 28 qola imza atıb. O, dünya çempionatının gümüş (2018) və bürünc (2022) mükafatçısıdır və yığmanın heyətində ən çox oyun keçirən rekordçudur.