"15 İyulda xalqımız şəhid verərək, qazilərimizlə birlikdə yalnız FETÖ adlı kukla terror təşkilatını deyil, bizə zorla qəbul etdirmək istədikləri yeni imperialist nizamın kuklacılarını da geri püskürtdü".
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy 15 İyul münasibətilə çıxış edərkən deyib.
Ankarada keçirilən "15 İyul Demokratiya və Milli Birlik Günü" tədbirində çıxış edən Ersoy əvvəlcə 15 İyul Demokratiya Muzeyini ziyarət edib, o gecə baş verənləri əks etdirən görüntülərə baxıb. Tədbir Qurani-Kərim tilavəti, şəhidlər üçün sayqı duruşu və İstiqlal Marşı ilə başlayıb.
Ersoy çıxışında deyib ki, Türk milləti milli və mənəvi dəyərləri uğrunda bədənini sipər edib, istiqlal uğrunda can verən bütün şəhidlərə rəhmət, qazilərə minnətdarlıq borcludur.
Nazir qeyd edib ki, 15 İyul 2016-da okeanın o tayında gizlənmiş bir xainin əmri ilə dövlət çevrilişi cəhdi edilib, ancaq imanı əyri yollara qurban olmuş, aldanmış şəxslər bu dövləti ələ keçirmək niyyətində uğursuz olublar.
Mehmet Nuri Ersoy sonda vurğulayıb:
"Milləti ilə birlikdə yol gedənlərin aşa bilməyəcəyi heç bir maneə yoxdur".
Kənan YUSİF