
Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı iqtisadiyyat naziri və baş nazirin müavini Yuliya Svırıdenkonun respublika hökumətinə rəhbərlik etməyi təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Telegram” kanalında məlumat verib.
“Mən Yuliya Svırıdenkonun Ukrayna hökumətinə başçılıq etməsini və onun işini əhəmiyyətli dərəcədə yeniləməsini təklif etmişəm. Yeni hökumətin fəaliyyət planının yaxın vaxtlarda təqdim olunacağını gözləyirəm”, - Zelenski yazıb.
Qeyd edək ki, Ukraynanın Baş naziri Denis Şmıqalın tezliklə vəzifəsindən uzaqlaşdırılması ilə bağlı şayiələrin növbəti mərhələsi bir ay əvvəl ortaya çıxıb.
İyun ayında Ali Radanın deputatı Yaroslav Jeleznyak Ukrayna Prezidenti Aparatının iqtisadiyyat naziri Yuliya Svırıdenkonu baş nazir postuna təyin etməyi planlaşdırdığını bildirib. Deputat bu cür kadr dəyişikliyinə səbəb kimi hökumətə etimadın itirilməsini, xüsusən də iqtisadi və büdcə sahəsində çoxlu sayda uğursuzluqları göstərib.