“Barselona” 19 yaşlı isveçli sağ cinah hücumçusu Runi Bardqini “Kopenhagen”dən tamhüquqlu əsasda heyətinə qatıb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid Kataloniya klubunua 2,50 milyon avro məbləğ müqabilində başa gəlib.
Gənc hücumçu ilk vaxtlar klubun ehtiyat komandası “Barselona Atletik”də çıxış edəcək.
Runi Bardqi “Kopenhagen”in məzunudur və böyük futbolda yalnız Danimarka nəhəngi üçün oynayıb.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Bardqi “Kopenhagen” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 6 oyun keçirib.
Bardqinin “şirlər” üçün çıxışının ümumi mənzərəsi isə 84 oyun, 15 qol və 1 məhsuldar ötürmədən ibarətdir.
Runi Bardqi İsveçin U-17 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.
Gənc futbolçunun qənimətlər muzeyində “Kopenhagen”lə qazandığı Danimarka çempionluğu (3 dəfə) və Danimarka Kuboku (2 dəfə) var.
“Transfermarkt” internet-portalı 19 yaşlı isveçli sağ cinah hücumçusunun transfer dəyərini 7,50 ilyon avro məbləğində qiymətləndirir.