İctimai televiziyanın aparıcısı Nərmin Salmanzadə telekanaldan ayrılıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə N.Salmanzadə özü məlumat verib.
“Bu gün mən olduqca çətin bir seçim etməli oldum. 6 il yarımdır, çalışdığım doğma İTV-dən ayrılmaq… Burada Qarabağın işğaldan azad olduğunu elan etdim, dövlət başçısından müsahibə almaq imkanım oldu, “Eurovision” müsabiqəsində nəinki Avropa, bütün dünya telekanallarının efirində göründüm. Bu, yaşadıqlarımın sadalanacağı paylaşım deyil, bunlarla sizi yormaq fikrim yoxdur. Həyat çağırışdır. Özümü başqa sahədə də sınamaq istəyirəm. Necə alınacaq, açığı, bilmirəm. Ən azı buradakı qədər üzərimdə çalışacağam. Kaş ki seçim etməli olmasaydım. Sadəcə, İctimai Televiziyanın qaydalarına əsasən hər iki müəssisəyə çalışmaq mümkün olmayacaqdı. Qısası, bura üçün çox darıxacağam. Artıq darıxıram… Heç də hər iş yerində insan özünü evdə, sanki işləmirmiş kimi hiss etmir. Məndə potensial görüb özümü doğrultmağım üçün şərait yaradan Balakişi Qasımova və Murad Hüseynova minnətdaram. Doğma komandaya hər zaman indiki kimi fərqli, zövqlü qalmağı və daima zirvədə olmağı arzulayıram. Yeni təyinatım barədə qarşıdakı günlərdə açıqlama verəcəyəm” – o bildirib.