MİNGƏÇEVİR, 14 iyul. TELEQRAF
Mingəçevirdə qısa zaman fərqi ilə iki fərqli ünvanda yanğın həyəcanı yaşanıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisələrdən biri şəhərin 20 Yanvar küçəsində yerləşən mağazada baş verib. Mağazanın elektrik təsərrüfatında yaranmış nasazlıq nəticəsində tüstülənmə müşahidə olunub və yanğın təhlükəsi yaranıb. Əraziyə dərhal cəlb olunan yanğınsöndürmə briqadası vaxtında müdaxilə edərək, mümkün təhlükəni aradan qaldırıb.
İkinci hadisə isə M.Maqomayev prospekti 81 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb. Qonşular eyvandan qalxan tüstünü müşahidə edərək, yanğın ehtimalı ilə FHN-in əməkdaşlarını çağırıblar. Hadisə yerinə çatan yanğınsöndürənlər tüstünün səbəbinin eyvanda istifadə olunan kabab manqalından qaynaqlandığını müəyyən ediblər. Yanğın təhlükəsi olmadığından müdaxiləyə ehtiyac qalmayıb.
Hər iki hadisə nəticəsində insan tələfatı və ciddi maddi ziyan qeydə alınmayıb.