AZ

"Mənə dedilər ki, 5 milyon manat əldə etmisiniz, onu verməlisən" - Bulvar idarəsi rəisinin işi

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı Eldar Məmmədov bildirib ki, cinayət işi üzrə ibtidai istintaq zamanı qanun pozuntusuna yol verilməyib, Cinayət Prosessual Məcəllənin müvafiq maddələrinə uyğun olaraq araşdırma aparılıb. Dövlət ittihamçısı cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğunu deyib.

O, cinayət işinin məhkəmə istintaqı qaydasında araşdırılmasını istəyib.

Təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını təklif edib. Daha sonra İlqar Mustafayevin vəkilləri vəsatətlə çıxış edib. Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Vəkil bildirib ki, şahidlərə təsir göstərmək mümkün deyil: "Çünki bu cinayət işi audit yoxlaması nəticəsində başlanılıb. İşin araşdırılması zamanı ifadə verən şahidlərin heç biri İlqar Mustafayevin əleyhinə ifadə verməyiblər. Cinayət işi müstəntiqin mülahizələrindən ibarətdir".

Vəkil əlavə edib ki, müvəkkilinin səhhətində də ciddi problemlər var, onun uzunmüddətli həbsdə qalması düzgün olmazdı. Vəkil onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş edib. Müdafiəçi həmçinin İlqar Mustafayevin dəmir barmaqlıqlar arasında deyil, müdafiəçiləri ilə yanaşı əyləşməsini istəyib. Təqsirləndirilən şəxsin vəkilləri onun dövlət təltifləri olduğunu vurğulayıblar.

Daha sonra Fuad Babayevin vəkili çıxış edib. Deyib ki, müvəkkili 11 milyon manatlıq mənimsəmədə ittiham olunur.

Vəkil bildirib ki, təqsirləndirilən şəxsin yaşadığı ev, bir torpaq sahəsi və avtomobili var: "Fuad Babayevin əmlakları bundan ibarətdir. Biz bu əmlakların sənədlərini məhkəməyə təqdim edirik ki, 11 milyon manatlıq mənimsəməkdə ittiham olunan şəxsin əmlakları bundan ibarətdir. Belə böyük mənimsəmədə ittiham olunan şəxsin əmlakı daha çox olardı. Biz bu sənədlərin sübutlar siyahısına əlavə olunmasını təklif edirik".

Seçilən
27
1
publika.az

10Mənbələr