"Bayden yoluna qayıdış, yoxsa şəxsi inciklik?.."
Prezident Donald Trampın Ukrayna ilə bağlı siyasətində kəskin dönüş müşahidə olunur. Rusiya prezidenti Vladimir Putinə illərlə dediyi komplimentlər və Ukraynaya dəstəkdən yayınan ritorikasından sonra indi Tramp öz komandası ilə birlikdə yeni silah paketləri və Kremlə qarşı sanksiyalar planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr yazır ki, bu, onun əvvəlki "biz müharibə başlatmırıq" şüarına zidd olan bir strategiya dəyişikliyidir. Bu dönüş eyni zamanda Trampın NATO baş katibi Mark Rütte ilə gözlənilən görüşü fonunda baş verir. ABŞ liderinin bu görüşdə Ukraynaya Avropa müttəfiqləri vasitəsilə yeni silah axını barədə rəsmi açıqlama verəcəyi gözlənilir. ABŞ Senatında aparıcı demokratlardan olan Cin Şahin bu dəyişikliyi "nəhayət, o anladı ki, Putin onunla oynayır" kimi qiymətləndirib. Lakin o da xəbərdarlıq edib: bu dəyişikliyin qalıcı ola biləcəyi bəlli deyil.
Retorikadan real silahlara
Hələ bir neçə ay öncə Tramp Zelenskiyə "Sizin heç bir kartınız yoxdur" deyə tənə edirdi və Rusiya ilə iqtisadi münasibətlərin bərpasını dəstəkləyirdi. Amma indi vəziyyət dəyişib. Tramp şəxsi təşəbbüsü ilə Pentaqonun dayandırdığı yardım paketinin bərpasına əmr edib. Bu, analitiklərdə onun Qərbin ümumi strategiyasına - Ukraynanı gücləndirmək və Rusiyanı təcrid etmək planına qoşula biləcəyi ümidi yaradıb.
Amma hələlik bu, yalnız əvvəlki dövrlərdə icazə verilmiş yardımın açılması ilə məhdudlaşır. Məsələyə realist yanaşan ekspertlər bildirir ki, bu yardım kifayət deyil. Vaxtilə Ağ Evdə Şərqi Avropa üzrə siyasət direktoru vəzifəsində çalışan Devid Şimer vurğulayıb: "İndi bu administrasiya real və ardıcıl strategiya qurmalıdır - Ukraynaya hərbi dəstəyi artırmalı, Rusiyaya iqtisadi təzyiqləri gücləndirməli və Putini səmərəli danışıqlara məcbur etməlidir".
JASSM raketləri gündəmdə
Bu yeni kursun ən konkret göstəricilərindən biri ABŞ-ın Ukraynaya uzaqmənzilli JASSM qanadlı raketlərini verməyə hazırlaşmasıdır. Məlumata görə, bu raketlər F-16 qırıcılarına quraşdırılaraq, Rusiyanın hava limanlarını hədəfə ala bilər. JASSM 450 kiloqramlıq döyüş başlığına malikdir və yüksək dəqiqliklə işləyir.
Hazırda bu raketlərə ABŞ, Polşa və daha iki ölkə malikdir. JASSM-lərin ixracı ilə bağlı ABŞ çox sərt siyasət yürüdür, məsələn, Cənubi Koreyanın bu raketləri almaq istəyi rədd edilib. Buna görə də Kiyevin belə strateji silahı əldə etməsi əhəmiyyətli presedent ola bilər.
Hərbi ekspertlər bildirir ki, Ukrayna bu raketlərlə Rusiya ərazisinə ani və dərin zərbələr endirmək imkanına malik olacaq. Bəzi ehtimallara görə, Kiyev yalnız bir neçə onluq JASSM əldə edə bilər, lakin bu, belə müharibə şəraitində böyük taktiki üstünlük yarada bilər.
Şəxsi təhqirdən strateji dönüşə
Müşahidəçilərə görə, Trampın bu dönüşü təkcə geosiyasi məntiqlə deyil, həm də şəxsi motivasiyalarla bağlıdır. Onun Putinə illərlə göstərdiyi simpatiyaya qarşılıq verilməməsi Trampda ciddi narazılıq yaradıb. Putinin Trampın təkliflərini və diplomatik jestlərini qulaqardına vurması onun üçün bir növ "şəxsi təhqir"ə çevrilib.
Bu günlərdə Trampın "Putindən məyusam" deməsi və "böyük bəyanat" anonsu da bu qırılmanın rəsmi təsdiqi sayıla bilər. ABŞ mediasının məlumatına görə, həmin bəyanat Ukraynaya daha geniş hücum silahlarının göndərilməsini və Rusiyaya qarşı sərt addımları özündə ehtiva edəcək.
Trampın sükandan tutduğu istiqamət
Bütün bu proseslər göstərir ki, Tramp bir növ siyasi avtomobili əl əyləci ilə sürür - istədiyi anda kəskin dönüş edir və beləliklə ətrafındakılara öz kursunu dəyişdiyi təəssüratını yaradır. Onun bu dəfə nə qədər ciddi olduğunu zaman göstərəcək. Amma bir şey artıq aydındır: Vladimir Putin "onunla oynayır"sa, Tramp da bu oyunu artıq qaydaları dəyişərək oynamağa başlayıb.