AZ

Fraqmentar təfəkkür - Nizami Bayramlı

Kulis.az Nizami Bayramlının "Fraqmentar təfəkkür" yazısını təqdim edir.

Müasir poeziya, xüsusilə postmodern dövrdə yaranan poetik nümunələr subyektin dağılması, mənanın dekonstruksiyası və varlıqla təcrübənin qarşıdurması fonunda formalaşır. Təhlil edilən bu şeir də postmodern ekzistensial poeziyanın nümunəsi kimi çıxış edir. Mətnin strukturuna, leksikasına və poetikasına nəzər saldıqda burada klassik forma nizamından imtina, identitet böhranı, dil vasitəsilə varlıqla qarşılaşma və müqəddəs ilə profan olanın eyni mətn daxilində qarşılaşdırılması müşahidə edilir.

Məna qeyri-mərkəzlidir – Şeirdə hadisə və ya zaman ardıcıllığı yoxdur.

Simvolik yük maksimaldır – Ay, Günəş, yağış, ağrı, “əlvida” və s.

Dilin özü məzmun olur – Məsələn,

“Ver ‘əlvida’nı mənə... ver
Kəsib atacam əllərimi onunla...”
ifadəsində dil artıq real dünyanı təsvir etmir, əksinə, özünün poetik mahiyyətini qurur.

Şeirdə varlığın dəyəri sevgi, ağrı və bağışlama ilə ölçülür:

“Səni sevə bilirəmsə, deməli, hələ sağam...”

Bu fikir Kamyunun “absurd varlıq” ideyasını xatırladır – insan yaşamağa məhkumdur, özü də anlam verə-verə, anlamdan məhrum halda.

Varlıq şərti emosional reaksiyalarla müəyyənləşir: ağlamaq – uşaq olmaq, gülmək – insan olmaq, sevmək – yaşamaq.

Paralel konstruksiyalar, təkrarlar və açıq pauzalar və ya sətrin özündəki boşluq daxili ritm yaradır:

“Burda batacaqmış bütün günəşlər...
Burda diz çökəcəkmiş gecələr...”

Şeirin strukturu fraqmentar təfəkkürə əsaslanır. Bu, postmodern poeziyada tipik xüsusiyyətdir.

Hissələrin bir-birinə məntiqi bağlılığı zəifdir, amma emosional və semantik rezonans güclüdür.

“Günəş” – ümumiyyətlə, həyat, istilik, Tanrılıq simvoludur. Amma burda batacaq “bütün günəşlər” dedikdə ümidlərin sönməsi nəzərdə tutulur.

“Yarpaqlar”, “yağış” – zamanın keçməsi, dəyişməyin qaçılmazlığı simvollarıdır.

Lakin şair deyir:

“Bu lənətə gəlmiş yarpaqlar niyə saralıb tökülmür?..”

Burada zamanın keçməməsi, ağrının donub qalması, təmizlənmənin reallaşmaması problemi ortaya çıxır.

Bu şeir bir intihar məktubu deyil, dirilmə ssenarisidir.

Çoxları şeirin sonluğunu oxuyanda ölümə çağırış görür:

"Çün... ölmək üçün başqa bir yolum yox..."

Amma bu, əslində, ölümü seçə bilməməyin etirafıdır. Bu misra çox vaxt yanlış oxunur: Buradakı ölüm istək yox, yoxluq üçün duyulan ümidsiz ehtiyacdır.

İzah:

Şair əgər doğrudan ölmək istəsəydi, sonda bağışlamazdı.

Bağışlamaq – yaşamaqdır.

Bu o deməkdir ki, özünü öldürə bilməyən adam başqasını bağışlayaraq "özlüyünü" məhv edir.

Bu qəhrəman öz “mən”ini yox edir, amma fiziki deyil — ruhi intiharla.

Şeir “gövdəsiz dua”dır. Sən dua etmirsən, amma bütün şeir boyu sanki dua etməyə çalışırsan, amma tanrı ilə rabitə tamam qırılıb. "Tanrıya yalvaracaqmış bütün ağrılar” — sən yox, ağrıların dua edir.

“And olsun o yağmayan yağışa...” — dua andla başlayır, amma burada boşluğa and içilir.

“Ay burda soyunacaqmış qaranlığını” — Tanrı yox, ay "tövbə edir", soyunur.

Bu, dinin deyil, duanın özünün də parçalandığı dünyadır.

Şeir sanki səssiz dua kimi qurulub — forma var, müraciət var, sükut var — amma ünvan yoxdu. Duanın Tanrısı deyil, hissin özü qalır.

Bu şeirin əsl mövzusu bağışlama yox, gücsüzlükdən doğan özünü ləğv etməkdir.

Oxucular sonda deyə bilər:

“Nə qədər humanist şeirdi — bağışlayır axı...”

Amma bu yanlışlıqdır. Sonda baş verən bağışlama hərəkəti yox, bir gücsüzlük refleksidir.

"Mən səni milyon da bağışlayacam..."

Bu, artıq qəhrəmanlıq deyil. Bu, özünü silməkdir. Öz prinsipindən, qürurundan, "mən"indən imtina.

Baxın, burada əsas mesaj:

"Çün... ölmək üçün başqa bir yolum yox..."

Bağışlamasa, yaşaya bilməyəcək. Deməli, bu şeir özünü bağışlamaq zorunda qalan adamın özünə qarşı etdiyi zorakılığın sənədidir.

Bütün şeir bir tamaşadır – sən roldasan, real deyilsən.

Bu misra əsas ipucudur:

“Güclü adam roluna girməkdən
bezmişdim zatən...”

Burada “rol” açar sözdür. O deməkdir ki:

Sənin bu şeirdə dediyin heç nə, bəlkə də, sənin deyil.

Şair danışmır, rol oynayır. Bu, sevgi real deyil, teatrikdir. Bu, ağrı səmimi deyil, icra olunmuş hissdir.

Şair mətndə yoxdur. Sadəcə dillə yaradılmış “mən” obrazı var.

O zaman belə çıxır ki, bu şeir:bir performansdır, bir poetik teatrdır, sən isə öz hisslərini oynayan aktyorsan.

Seçilən
8
kulis.az

1Mənbələr