AZ

Ərəb ölkələri ilə enerji sahəsində əməkdaşlıq Azərbaycana nə vəd edir? – AÇIQLAMA - FOTO

Azərbaycanın son illər enerji siyasətində diversifikasiya və ixrac coğrafiyasının genişləndirilməsi əsas hədəflərdən biri kimi önə çıxır. Xüsusilə Körfəz ölkələri ilə iqtisadi-siyasi münasibətlərin dərinləşməsi fonunda enerji sahəsində əməkdaşlıq imkanları da getdikcə genişlənir. Bu isə yeni bazarlara çıxış, alternativ marşrutların qurulması və "yaşıl enerji" istiqamətində strateji tərəfdaşlıqlar üçün zəmin yaradır.

Bəs Azərbaycanın Ərəb ölkələri ilə enerji əməkdaşlığı neft dövründən sonrakı mərhələdə alternativ bazarların formalaşmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, alternativ enerjinin inkişafı istiqamətində həyata keçirilən layihələr yalnız Azərbaycanın gələcəkdə də qlobal enerji bazarlarında enerji təchizatçısı mövqeyini qorumaq və yaxud da bu istiqamətdə müəyyən bir imkanlar formalaşdırmaq aspektindən deyil, eyni zamanda yerli tələbatın, enerji tələbatının alternativ və yaşıl mənbələr hesabına ödənilməsi aspektindən əhəmiyyətlidir:

Pakistan
“Aydındır ki, orta və uzunmüddətli dövrdə Azərbaycanın, xüsusilə də Qara dəniz üzərindən olmaqla, Avropaya alternativ yaşıl enerji nəqli ilə bağlı layihələri var. Bu istiqamətdə də müəyyən sövdələşmələr vardır və hökumət bu sövdələşmələr çərçivəsində, təbii ki, istehsal potensialının genişləndirilməsi ilə bağlı müəyyən addımlar atır. Amma eyni zamanda Azərbaycan alternativ enerji təminatı baxımından daxildə də ciddi strategiyalar həyata keçirməlidir.

Çünki alternativ enerjinin ümumi enerji təchizatında payı aşağıdır. Bu, əslində, ekoloji təmiz icma mühitinin formalaşması, iqtisadi mühitin formalaşması və ətraf mühitə müxtəlif təsirlərin azaldılması aspektində hökumətin qarşıya qoyduğu və beynəlxalq konvensiyalar üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi baxımından müəyyən çətinliklər yaradır. Yəni, burada müvafiq əməkdaşlıqlar təkcə bu gün Ərəb ölkələri ilə deyil”.

Ekpsert əlavə olaraq qeyd edib ki, eyni zamanda “BP” kimi, yəni ənənəvi enerji sahəsində ixtisaslaşmış şirkətlərin də işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr var.

“Yaxud da ki, “Total”ın Naxçıvanda həyata keçirdiyi alternativ enerji layihələri var ki, bütövlükdə götürəndə bu kompleks layihələr fonunda Azərbaycan, təbii ki, həm daxildə ehtiyacın ödənilməsi, həm də xarici bazarlarda bu və ya digər şəkildə özünə pay almasına cəhd göstərəcəkdir. Xüsusilə də buna daha çox inanmaq olar. Çünki Azərbaycan enerji bazarlarında hər zaman öz üstün mövqeyini qorumağa çalışır və yaxud da ki, oyuncu olmağa çalışır.

Çünki bu, eyni zamanda siyasi təsirləri kifayət qədər ciddi olan bir bazardır. Azərbaycan hökumətinin də bu kimi bazarlarda hər zaman daha aktiv şəkildə iştirak etmə meyilləri müşahidə olunur. Ona görə də müvafiq istiqamətdəki strategiyaların, layihələrin, əməkdaşlıqların effektiv olması ehtimalı digər iqtisadi sahələrlə müqayisədə daha yüksəkdir”.

Eltac Zülfüqaroğlu

Seçilən
26
avtosfer.az

1Mənbələr