Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) cari ilin üçüncü və dördüncü rübündə neftə tələbatın güclü artımını gözləyir. Bu amil “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür) ölkələrinə könüllü şəkildə azaldılmış neft hasilatını bazara qaytarmağa imkan verir.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə OPEC-in baş katibi Heysəm əl-Qays bildirib.
“Bu il üzrə tələbatla bağlı gözləntilərimiz yaxşıdır. İllik müqayisədə gündəlik tələbat artımı 1,3 mln. təşkil edəcək və bu artım güclü iqtisadiyyatla bağlıdır. Bu isə o deməkdir ki, xüsusilə üçüncü rübdə tələbatın güclü artımını müşahidə edirik. Dördüncü rübdə də yaxşı tələbat artımı gözlənilir, bazarda isə sabit balans yer alacaq”, – Heysəm əl-Qays bildirib.
Baş katib əlavə edib ki, tələbatın artması "OPEC+" ölkələrinin bazara könüllü şəkildə azaldılmış hasilatı qaytarmasına əsas verən amillərdən biridir.
Heysəm Əl-Qays həmçinin vurğulayıb ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) neft bazarında profisitlə bağlı bütün proqnozları həddindən artıq pessimistdir.
Qeyd edək ki, Azərbaycan da “OPEC+” təşəbbüsünün iştirakçısıdır.