“Subo” adı ilə tanınan azərbaycanəsilli müğənni və bloqer Sübhan Məmmədova qarşı Rusiyada cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
Bildirilib ki, Rusiya İstintaq Komitəsi 50 milyon rubl (təxminən 1 milyon manat – red.) məbləğində vergidən yayınmaqda şübhəli bilinən bloqer “Subo”ya qarşı cinayət işi açıb və o, axtarışa verilib. Məlumatda onun qardaşı və atasının da bu cinayətdə təqsirli bilindiyi bildirilir.
Bundan başqa, məlum olub ki, bloqerin özü, atası və qardaşları hərbi xidmət üçün qeydiyyata durmaq öhdəliyindən boyun qaçırıblar.
Xatırladaq ki, azərbaycanəsilli bloqer bu ilin fevral ayında Rusiya vətəndaşlığından çıxarılıb. Buna səbəb kimi Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı alarkən özü haqqında yalan məlumatlar təqdim etməsi göstərilib. Sübhan Məmmədovun hazırda BƏƏ-də yaşadığı bildirilir.