“14 iyul Azərbaycan xalqının taleyində həlledici tarixdir. Məhz bu tarix Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə silinməz bir epoxanın başlanğıc nöqtəsidir. Bu tarix həm özünüdərk, həm də özünə qayıdışın dərk edildiyi gündür”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azər Badamov bildirib.
Deputat qeyd edib ki, Ulu öndərin xalqa xidmətə həsr olunan mənalı ömrü, əbədiyaşar xatirəsi xalqımızın taleyi ilə sıx şəkildə bağlıdır:
“Ulu öndər Azərbaycan tarixində elə bir böyük yol açıb ki, onun cığırı ilə getmək, onun izlərini izləmək zamanı qabaqlayaraq düşünülən, xalqımıza düşünərək təqdim olunan düzgün addımlardır. Ümummilli Lider Heydər Əliyev siyasəti, Heydər Əliyev yolu bizi parlaq gələcəyə səslədi. Heydər Əliyev irsi ona görə əvəzolunmazdır ki, bu irs layiqli oğul, müzəffər şəxsiyyət, bütöv Vətən, məğrur xalq deməkdir. Heydər Əliyev irsinin daşıyıcısı, xalqımızın hər çətinlikdə arxalandığı Prezidenti İlham Əliyev müasir və gələcək dünya tarixinin əsas konturlarının formalaşdırılmasında iştirak edir. Danılmaz faktdır ki, Prezident İlham Əliyevin Liderliyi altında cəhd edilən bütün addımların, xarici olduğu qədər daxili siyasətimizə, sabitliyimizə kölgə salacaq istənilən həmlənin qarşısı uğurla alınır”.
A.Badamov qeyd edib ki, məhz 14 iyul tarixindən sonra Azərbaycanı milliləşdirən, bütün resurlarımızı milli mənafelər baxımından istifadə edən Heydər Əliyev ilə Prezidentimiz İlham Əliyevin milli fəaliyyəti ata və oğulun eyni missiyanı bölüşdüyündən, mürəkkəb kombinasiyalara sinə gələrək bənzər, bir o qədər də şərəfli taleyi yaşadığından xəbər verir:
“Eyni taktiki addımlarla müşaiyət olunan strateji planların məharətlə icrası sübut edir ki, çətin coğrafiyada yerləşən Vətənimizi qorumaq qədər inkişaf etdirmək yalnız və yalnız Heydər Əliyev irsinin bacaracağı işdir. Məhz bu amillərin nəticəsidir ki, dövlət başçımızın fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ilin ilk altı ayını əhatə edən rəy sorğusunun nəticələri bu faktı bir daha təsdiq edir”.