Moskvanın “Taliban” hökumətini rəsmən tanımasından sonra Əfqanıstandakı yerli kəşfiyyat bölmələri Rusiyadan casus axınına qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.
Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, “Taliban”ın əks-kəşfiyyat idarəsi tərəfindən hazırlanan və mediaya sızan rəsmi sənədlərdə iddia olunur ki, bu yaxınlarda ölkəyə gələn bəzi Rusiya vətəndaşları özlərini turist, jurnalist və ya mədəni missioner kimi təqdim edirlər, lakin onların əsl məqsədi kəşfiyyat məlumatları toplamaqdır. Qəzetin yazdığına görə, onların davranışı tarixi yerləri ziyarət etdikləri üçün “şübhəli” kimi qələmə verilib.
Sənədlərdən birində “Taliban”ın əks-kəşfiyyat idarəsinin rəhbəri Mövləvi Əsədullah Baryalay Rusiyadan gələn qonaqları ciddi şəkildə izləməyə çağırır. Analitiklər qeyd ediblər ki, bu, Əfqanıstana səyahət etmək istəyən Rusiya vətəndaşları üçün potensial risklər yarada bilər.
Əfqanıstanın Müdafiə Nazirliyi tərəfindən hazırlanan və Xarici İşlər Nazirliyinə göndərilən ikinci sənəddə Rusiyadan silah və hərbi texnika almaq istəyi ifadə edilir. Müdafiə naziri Molla Məhəmməd Yaqub tərəfindən imzalanan sənəddə deyilir ki, “Rusiyanın yüksək keyfiyyətli hərbi məhsulları Əfqanıstanın müdafiə ehtiyaclarının ödənilməsində mühüm rol oynaya bilər”. Bu xahişin Moskvanın səmimiyyətinin sınağı olduğuna inanılır.