Yay mövsümündə havaların normadan artıq isti keçməsi bir çox insanlar üçün ciddi sağlamlıq riski yaradır. Həkimlər xüsusilə bəzi risk qruplarının isti havadan daha çox təsirləndiyini bildirirlər.Metbuat.az xəbər verir ki, ən böyük risk yaşlı insanlara (65 yaşdan yuxarı) aiddir. Bu yaş qrupunda bədən istiliyini tənzimləmək çətinləşir və isti hava ürək-damar sisteminə mənfi təsir göstərir. Eyni zamanda, körpələr və azyaşlı uşaqlar da təhlükə altındadır. Onlarda tər ifrazı və bədən istiliyinin tənzimi yetərincə inkişaf etmədiyindən günvurma və susuz qalma halları daha tez-tez baş verir. Xroniki xəstəliyi olanlar – şəkərli diabet, ürək çatışmazlığı, hipertoniya və tənəffüs yolları problemi olan şəxslər də isti havalarda vəziyyətlərinin ağırlaşması riski ilə üz-üzə qala bilərlər.Həkimlər açıq havada çalışan insanların – fəhlələrin, kənd təsərrüfatı işçilərinin və idmançıların da diqqətli olmasını tövsiyə edirlər. Sərt fiziki aktivlik zamanı bədəndə maye itkisi artır, bu isə günvurma və istilik şokuna səbəb ola bilər.Bəzi dərmanları qəbul edən şəxslər də risk altındadır. Belə ki, diüretiklər (sudurucu dərmanlar), antihistaminlər və bəzi ürək dərmanları bədənin istilik tənzimləmə qabiliyyətini zəiflədir.Mütəxəssislər xüsusilə evsizlərin və ventilyasiya sistemi zəif olan evlərdə yaşayan insanların da təhlükəyə məruz qaldığını bildirirlər. Belə şəxslərin sərin yerlərdə qalması, bol su içməsi və günorta saatlarında çöldə olmaması tövsiyə olunur.Həkimlər xəbərdarlıq edir ki, havalar getdikcə daha da istiləşdiyi üçün sadalanan risk qruplarına daxil olan şəxslər diqqətli olmalı, lazım gəldikdə dərhal tibbi yardıma müraciət etməlidirlər.